Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti -Video

Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti -Video
 
 
 
 
 
 
 
 
 
İnsanlar müxtəlif səbəblərdən kövrəlirlər. Bəzən isə tamamilə səbəbsiz yerə kövrəldiyimiz anlarımız olur. Sizə təqdim edəcəyimiz sujetimiz isə əsaslı yerə kövrəlməyinizə səbəb olacaq.

"DoğruXeber.az” redaksiyası olaraq axtarıb-araşdırıb Qarabağ müharibəsinin könüllü iştirakçısı Qəhraman bəyi tapdıq. Biz tapdıq tapmasına, amma necə tapdıq siz də hali olun.

Qəhraman Ağdam rayon Gülalı kəndinin sakinidir. Qaçqınlıq həyatı başlamazdan öncə evində-ocağında ailəsi ilə xoşbəxt yaşayırdı. Müharibə başlananda qeyrəti onu könüllü olaraq cəbhəyə yollanmağa məcbur etdi. Dörd il səngərdə ermənilərlə üz-üzə dayandı. Məmur övladları kimi can qorxusundan vətəni atıb, xaricdə havadarlarının çətiri altında gizlənmədi. Nəhayət, taleyin qaçılmaz yükü ilə qaçqınlar köçünə qoşulub Bakıya köçdü. Suraxanı rayonunda məskunlaşıb, ailəsini başına topladı. Az tapdı az yedi, çox tapdı çox yedi, taleyin yükünə sitəm edib, köməklik üçün qapılar dolanmadı. Ocağında vətənə laiq halal övladlar tərbiyə edib, vətənini, həsrət qaldığı Ağdamını sevdirdi. Bir gün elinə, obasına dönəcəyi günü gözlədi. Lakin həyatının "şıltaq zarafat”ı bu dəfə də sağlamlığı ilə onu sınağa çəkdi. Bir il əvvəl xəstəliyə tutulmuş Qəhraman hərəkət qabiliyyətini itirib yatağa məhkum oldu. Bir qolu və ayaqları hərəkətdən tamamilə qaldı. Bununla bağlı dəfələrlə həkimlərə müraciət etsə də hər biri ayrı-ayrı diaqnozlar təyin etdilər. Nəhayət, Qəhramanın sağlığına qovuşmasının əməliyyat vasitəsi ilə mümkün olunması qərarı verildi. Əməliyyat üçünsə 5000 manat vəsait tələb olunur. Əslində bu məbləğ məmurların bir naharına sərf olunan vəsaitdən qat-qat az olsa da keçmiş könüllü döyüşçü üçün əlçatmaz hesab olunur.

Biz Qəhraman bəydən keçmiş döyüşçü kimi, eləcə də Ağdam rayon məcburi köçkünü kimi rayonun İcra Başçısı Həsənov Vaqifin və ya Ağdam rayon millət vəkilinin qəbulunda olub-olmadığını soruşduqda utana-utana başını bulayıb,”yox” dedi. Səbəbini isə:- "Mən kişiyəm.Kişi kimsəyə əl açıb, imdad diləməz”. Bu sözləri söyləyən Qəhraman bəy nə qədər çalışsa da göz yaşlarına hakim ola bilmədi. Keçmiş döyüşçünün ürək dağlayan bu halı bizləri də kövrəltdi.

Qüruruna boğulub Ağdam Rayon İcra Başçısının və ya deputatının qapısını döyməyən Qəhraman bəyi başa düşdük. Bəs yurdundan-yuvasından didərgin düşüb müxtəlif yerlərdə yenidən həyata tutunmaya çalışan kövrək qəlbli həssas sakinləri ilə maraqlanmayan başçının , deputatın biganəliyinə hansı donu geyindirək? Nə yazıq ki, onların laqeydliklərinə hansı ölçüdə "libas” biçməyə çalışsaq da yenə də çılpaq həqiqətlərinin ayıbını örtə bilmədi. Qəhraman bəyin bəlkədə qəlbində onların köməyinə inanacaq bir ümid var. Biz isə onlardan ümidimizi kəsib xeyirxah xalqımıza ümid edirik ki, keçmiş döyüşçüyə kömək edib, ayağa qalxması üçün dəstək olacaqlar. 

"DoğruXeber.az”