Gündəm

"Onlara yaxşı pul vermək lazımdır" - "Beyin köçü"nə qarşı ekspertdən təkliflər

"Onlara yaxşı pul vermək lazımdır" - "Beyin köçü"nə qarşı ekspertdən təkliflər
 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 

Hər il yüzlərlə tələbə və eləcə də cəmiyyət üçün lazımlı kadrlar ölkədən ayrılır. Təbii ki, azərbaycanlı tələbələrin özlərini inkişaf etidirmələri üçün belə bir addım atmaları müsbət bir haldır. Lakin savadlı kadrlar ölkəyə geri qayıtmadıqda ciddi problemlər yaranır. "Beyin köçü" gələcəkdə ölkəni xoşagəlməz hallarla qarşı-qarşıya qoya bilər.

Məsələ ilə bağlı "Kanal14.az"a açıqlama verən təhsil eksperti Kamran Əsədov dünya təcrübəsində olan "kadr bankı" sisteminin əhəmiyyətini vurğulayıb:

"Dövlət özünə lazım olan bilik və bacarıqlara, kompitensiyalara malik olan şəxsləri oraya yerləşdirir. Hər hansı bir kadra ehtiyac olduqda oradan seçirlər. Belə deyək ki, bütün sahələr üzrə müəyyənləşmiş şərtləri bir bazada formalaşdırırlar. Sabah hansısa bir yerdə boşluq olduqda oradan şəxsləri vəzifəyə göndərirlər. Amma təəssüf ki, bu gün Azərbaycanda xüsusi ilə təhsil, idaretmə sistemində bilik və bacarıqları bu sahəyə uyğun olmayan kifayət qədər kadr var. Məhz təhsil sistemində, təhsilin idarəetməsində bu qədər işini bilməyən adamların olması bütün sahələrə təsir göstərir. Ona görə də Azərbaycanda idarəetmə sahəsində bilik və bacarıqları yüksək olan şəxslər, kompitensiyaları əmək bazarının tələblərinə cavab verən şəxslər ölkədən gedirlər. Onlar qeyd etdiyim sahələr üzrə layiq olduqları yerlərdə dəyərləndirilmirlər və az maaşla işlədilirlər. Halbuki istər qardaş Türkiyədə, istər Gürcüstanda rahatlıqla gedib daha az iş saatına daha çox əmək haqqı ilə işləyə bilərlər. Onlara dəyər verilir. Ona görə də Azərbaycanın düşünən beyinləri ölkədən gedirlər”.

Ekspert xaricə gedən şəxslərin qarşısının alınmalı olduğunu bildirib:

"Bu Azərbaycanda rəqabətədavamlı iqtisadiyyatın formalaşmasında, xidmət sektorunun inkişafında, qeyri-neft sektorunun yüksək səviyyəyə gəlməsində mənfi təsir göstərəcək. Bu gün düşünən beyinlərimizin, bilik və bacarıqları yaxşı olan şəxslərin ölkədən getməsinin səbəbi onların layiq olduğu yerdə qiymətləndirilməməsidir. Bu problem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən birgə həll edilməlidir. Bunlar birlikdə bir komissiya yaratmalıdırlar. Bütün kadr üzrə mütəxəssislər bu 3 qurumdan seçilməlidir. Əmək və Sosial Müdafiə nazirliyi vakant yerləri müəyyən edəcək.  Yaş kateqoriyasını Gənclər Nazirliyi müəyyənləşdirəcək. Onların  təhsili ilə bağlı məlumatları Təhsil Nazirliyi araşdıracaq. Daha sonra müsahibə etməlidirlər”.

Onun sözlərinə görə, komissiyanın üzvləri kiminsə tapşırığı ilə təyin olunmamalıdır:

"Komissiyanın üzvlərinin ən azından dünya təcrübəsindən məlumatı olmalıdır. O şəxslər layihələri, fikirləri olan, iş görə biləcək adamları seçməlidirlər. Mən təklif edirəm ki, bütün orqanlara iş müsabiqə və müsahibə ilə olsun. Başqa yollarla gələnlərə məsuliyyət təyin olunmamalıdır. Biz baxırıq ki, nazirliklərdə kimlərsə hansısa yolla gəlib sektor müdiri, şöbə müdiri olurlar. Xüsusi təyinat ancaq rəhbər postlarda olmalıdır.  Digər işlərdə təyinat olmamalıdır ki, lazımlı insanlar ölkədən qaçmasınlar. Onlara yaxşı pul vermək lazımdır”. /Yenisabah