Gündəm

"Yaralı halda əlində qumbara tutubmuş ki, əgər əsir düşərsə..." - Aprel Şəhidimizin son döyüşü

Ailəsi onun sonuncu dəfə aprelin 1-i saat 16.45-də danışır. Sonra ona yazılan mesajlar cavabsız qalır. Ayın 8-i səhər isə bir xəbər hər kəsi sarsıdır.

Aprelin 2-5 tarixlərində Azərbaycan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində düşmən təxribatlarının qarşısının alınmasında böyük şücaət göstərib. Əvvəlcə onu qeyd edək ki, cəbhənin Goranboy, Ağdərə, Tərtər və Füzuli istiqamətində həyata keçirilən əks-hücum əməliyyatları zamanı bütün hərbçilər üzərilərinə düşən döyüş tapşırığını layiqincə yerinə yetirdilər. Düşmənin əsas qüvvələri məhv edildi və gələcək əməliyyatların taleyini həll edəcək mövqelər geri qaytarıldı.

 

Müharibənin qanunlarına uyğun olaraq, itkilərimiz də oldu. Amma düşmənin də etiraf etdiyi kimi, Azərbaycan Ordusu qarşısına qoyulan döyüş tapşırığını yerinə yetirdi və sınaqdan üzüağ çıxa bildi.

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov həmin döyüşlərdə qəhrəmancasına döyüşərək, şəhid olan hərbçilərimizdən biridir. Onun doğulub, boya-başa çatdığı və dəfn olunduğu Neftçala rayonunun Həsənabad qəsəbəsinə üz tutduq. Şəhidin böyüdüyü evi tapmaq o qədər də çətin olmadı. Çünki üzərində Azərbaycan Bayrağının dalğalandığı evin fərqinə varmamaq mümkün deyil.