Gündəm / Cəmiyyət

BRİCS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir?

BRİCS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir?

"Dünya əhalisinin 45 faizinin məskunlaşdığı BRİCS ölkələri hazırda qlobal iqtisadiyyatın 37.4 faizini formalaşdırır. Bu illik 29.0 trilyon dollara yaxın Ümumi Daxili Məhsul (ÜDM) deməkdir. BRİCS artıq qlobal gücə çevrilib".

"Kanal14.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, əgər 1992-ci ildə hazırda BRİCS-ə üzv olan ölkələrin qlobal iqtisadiyyatda payı 16.7 faiz, Böyük Yeddilik (G7) dövlətlərinin qlobal ÜDM-də çəkisi 45.5 faiz idisə, ötən müddətdə G7-nin qlobal payı 29.0 faizədək azalıb:

"2009-cü ildə yaradılan BRİCS üzv ölkələri üçün inkişaf baxımdan yeni imkanlar yaratdı. Azərbaycan üçün BRCİS ilə əməkdaşlığın genişlənməsi həm qeyri-neft ixracatının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımından vacibdir. BRCİS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələb vardır. Eyni zamanda, BRCİS ölkələri ilə turzim sahəsində əməkdaşlıq son illər daha da güclənib. Bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Çindən - 1,9 dəfə, İrandan - 38,4 faiz, Misirdən - 20,1 faiz, Rusiya Federasiyasından - 18,4 faiz artıb. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var".

V.Bayramov əlavə edib ki, BRİCS-lə əməkdaşlığın güclənməsi Azərbaycan üçün həmçinin öz iqtisadi potensialını təqdim etmək baxımından imkandı: "Bu aspektdən, əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün həm ümumi sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan, BRİCS ölkələrindən yeni sərmayələrin cəlbi imkanları yüksək qiymətləndirilir. BRİCS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhvədir".

Qeyd edək ki, 2006-cı ildə yaradılan BRİCS hazırda özündə 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurumdur.