Gündəm / Cəmiyyət / Hadisə

Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında

Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlüyə məxsus olmuş "Orion Global” MMC (VÖEN - 1005080711) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

"Kanal14.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, "Orion Global” MMC barəsində tərtib olunan protokola Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, əvvəllər "Orion Global” MMC-yə Turqay Müslümlü rəhbərlik edib. Hazırda şurkətin qanuni təmsilçisi Sadıqov Mirsadiq Sadıq oğludur.

Turqay Müslümlü daha əvvəl "Orion Global” MMC ilə bərabər "Orion Construction” MMC və "Orion Cars” MMC-nin qanuni təmsilçisi olub. Onun qardaşı - Asim Müslümlü isə "Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisi olub.

Əvvəllər "Orion Global” MMC-nin dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub. Hazırda (23 oktyabr 2024) 6 min 359 manat 84 qəpik vergi borcu var.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Onu da qeyd edək ki, "Orion Global” MMC barəsində daha əvvəl də çoxsaylı məhkəmə iddiaları qaldırılıb.