Gündəm / İqtisadiyyat / Cəmiyyət

Deputatın rəhbərlik etdiyi təşkilat Xaçmazda istirahət mərkəzi tikəcək

Deputatın rəhbərlik etdiyi təşkilat Xaçmazda istirahət mərkəzi tikəcək

Xaçmaz Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına rayonun Xuray kəndi ərazisində sağlamlıq-istirahət kompleksi tikməsinə icazə verib.

"Kanal14.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, sağlamlıq-istirahət kompleksinin tikintisinə 21 fevral 2024-cü il tarixli 01/X saylı sənəd əsasında icazə verib.

Açıqlanan məlumatlarda göstərilir ki, 3 oktyabr 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-3266/2023 saylı, həmçinin 30 yanvar 2024-cü il tarixində tikinti layihəsinə dair 36806 saylı ekspertiza rəyləri verilib.

Bildirilir ki, tikintisinə icazə verilən sağlamlıq-istirahət kompleksinin tikinti sahəsi 1 165,6 kv. metr, ümumi sahəsi 4 045 kv. metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi və çardaq) olacaq.

Bundan başqa İcra Hakimiyyəti sağlamlıq-istirahət kompleksinin ərazisində hər birinin ümumi sahəsi 232,4 kv. metr olacaq 2 ədəd 2 mərtəbəli kottec tipli evin də tikintisinə icazə verilib.

Məlumat üçün bildirək ki, sağlamlıq-istirahət kompleksinin sifarişçisi olan Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri millət vəkili Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da sədrlik edir.
Onu da qeyd edək ki, Xuray kəndində "Təhsil İstirahət Mərkəzi” MMC adlı şirkətə məxsus mehmanxana da fəaliyyət göstərir. 2013-cü ildə dövlət qeydiyyatına alınan "Təhsil İstirahət Mərkəzi” MMC-nin nizamnamə kapitalı 17 milyon 209 min 386 manat 15 qəpik təşkil edir. Hazırda "Təhsil İstirahət Mərkəzi” MMC-nin dövlət büdcəsinə 219 min 158 manat 47 qəpik vergi borcu var.