Gündəm / Hadisə / Dünya

Nəhəng Apofis asteroidi Yerə düşəcək? - Alimlər

Nəhəng Apofis asteroidi Yerə düşəcək? - Alimlər

Qərb Universiteti və Vaterloo Universitetinin kanadalı astronomları yaxın illərdə nəhəng Apofis asteroidi ilə Yer kürəsinin toqquşması ehtimalına aydınlıq gətiriblər.

"Kanal14.az" xəbər verir ki, tədqiqat "arXiv" elmi materiallar portalında dərc olunub.

Apofis asteroidi 2004-cü ildə kəşf edilib. Kosmik qayanın diametri 325 metr, kütləsi isə 2,7 milyon ton qiymətləndirilir. Əgər belə bir obyekt planetimizə düşərsə, zərbənin təsiri bir neçə meqaton gücündə nüvə bombasının partlaması ilə müqayisə oluna bilər. Bu, böyük bir şəhəri məhv etmək, həmçinin güclü zəlzələlər, sunamilər və digər irimiqyaslı fəlakətlərə səbəb olmaq üçün kifayətdir.

Bir neçə il əvvəl elm adamları Apofisin həqiqətən Yerlə toqquşması ehtimalını istisna edirdilər, lakin əvvəlki araşdırmada təsadüfi təsir faktorları nəzərə alınmayıb. Mütəxəssislər etiraf ediblər ki, hansısa başqa asteroid kosmik qayaya çırpılaraq planetimizə doğru hərəkət trayektoriyasını dəyişə bilər.

Yeni işdə astronomlar daxili Günəş sistemindəki 1,3 milyondan çox məlum asteroidin orbitlərini təhlil ediblər və bu cisimlərin heç birinin ən azı yaxın bir neçə il ərzində Apofislə qarşılaşmayacağı qənaətinə gəliblər.

Hesablamalar göstərib ki, 2026-cı ilin dekabrında Apofis Ksantus asteroidinin yanından keçəcək. Obyektlər arasındakı məsafə 10 min kilometr olacaq ki, bu da toqquşma ehtimalını aradan qaldırır. Bununla belə, Ksantusun ətrafındakı kiçik dağıntılar nəzəri olaraq Apofisə vura bilər. Lakin hadisələrin bu cür inkişaf ehtimalı cüzidir, bunu modelləşdirmə nəticələri sübut edir.