Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Foto

"Xocalıda tapılanların kimliyi DNT analizi ilə müəyyən ediləcək" - Hikmət Hacıyev (FOTOLAR)


Xocalıda daha bir kütləvi məzarlıq aşkar edilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapılıb.

"Onların kimliyi DNT analizi ilə müəyyən ediləcək. Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina edir.

Dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur.

Ermənistan Respublikası Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət məsuliyyətini daşıyır. Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib", - deyə diplomat yazıb.