Gündəm / Siyasət / Cəmiyyət

Dünən dediyini bu gün danan “Qüdrət sahibi” – Sözünün “Həsənqulusu”nu deyib “mustafa”sını niyə gizlədir?

Dünən dediyini bu gün danan

Kanal14.az: - Son günlər təhsil sahəsində ard-arda baş verən xoşagəlməz hadisələrə ictimaiyyətin güclü və bir o qədər də xaotik reaksiyası bəzi tanınmış şəxslər tərəfindən birmənalı qarşılanmadı. Həmişəki kimi əsas iddia da ondan ibarətdir ki, ictimaiyyətdə nəyə görə ciddi məsələlər deyil, xoşagəlməz hadisələr qabardılır və onların ətrafında müzakirələr aparılır.

Sual düşündürücüdür. Əlbəttə, dövləti, xalqı, onun dəyərlərini, gənclərimizin bu gününü, gələcəyini düşünən və az-çox dünyagörüşü olan hər bir şəxs istəyər ki, ümumi inkişaf məsələlərimiz əsaslı müzakirə olunsun, düzgün istiqamətlər müəyyən edilsin, cəmiyyətimiz ardıcıl, dinamik, təlatüm və qarışıqlıq olmadan hədəflərinə doğru irəliləsin.

Bu hədəflər ölkə başçısı tərəfindən andiçmə mərasimində müəyyən edilib. İndi dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, ziyalılarımız, düşünən beyinlərimiz qoyulmuş məsələlər ətrafında müzakirələr açıb ağıllı fikirlər irəli sürməli, hərə öz sahəsində ümumi işimizə öz töhfəsini verməlidir.

Məsələn, prezidentin çıxışından dərhal sonra ilk növbədə Milli Məclisin deputatları komitələrdə müzakirələr təşkil edə, mediaya çıxıb təkliflərini, rəylərini irəli sürə bilərdilər. Axı parlament ən böyük beyin mərkəzimizdir, orada oturan deputatlarımız da bu xalqın düşünən beyinləridir.
Amma kifayət qədər zaman keçməsinə baxmayaraq, biz Milli Məclisdə belə bir müzakirələrin şahidi olmadıq. Bəlkə elə bu səbəbdəndir ki, bəzi millət vəkillərimiz rəy və təklflərini media vasitəsilə ictimaiyyətə çatdırmağa üstünlük veriblər. Özü də yanlış, qərəzli və natamam formada.
Deputatımız Qüdrət Həsənquliyev dünən axşam kiçik bir müsahibə verib. İddia edib ki, media ciddi məsələləri müzakirəyə çıxarmadıqca bu kimi mövzular dartışılacaq, gündəmi zəbt edəcək, çünki ekspertlərə də, jurnalistlərə də mövzu lazımdır”.

Deməli, nə dövlət orqanı, nə deputat, nə ziyalı, nə intellekti, ağlı, savadı olan bir kəs bircümlələlik olsa belə, normal məsələ qaldırmasın, amma media ciddi məsələləri müzakirəyə çıxarsın. Bu necə mümkündür? Hansı şəxs, qurum, beyin mərkəzi ölkənin gələcəyi, aktual, ciddi məsələlərlə bağlı normal bir araşdırma, rəy ortaya qoydu ki, media ona yer vermədi? Hansı diqqətəlayiq bir məsələ əsaslandırılmış şəkildə informasiya mühitinə çıxarıldı ki, media ona reaksiyasız qaldı? Zatən Qüdrət bəyin də dediyi kimi, mediaya mövzu lazımdır. Siz və həmkarlarınız bir millət vəkili kimi parlament tribunasından hansı dəyərli fikir bildirmisiniz ki, media ona laqeyd yanaşıb? Yoxsa media özlüyündə həm xəbər daşıyıcısı, həm də dövlət orqanı, ziyalı, analitik, ekspert olmalıdır? Onda bu qədər qurumlara, şəxslərə nə ehtiyac var?

Qüdrət Həsənquliyev deyir ki, saytlar hər gün ən azı 20 yeni məlumat verməlidir: "Bu sayda ciddi informasiyanı haradan tapsınlar? Tələbləri yerinə yetirməsələr, dövlət dəstəyindən məhrum olacaqlar. Reklam bazarı da yoxdur. Yaxşı olar ki, tələblər ciddi mövzularla bağlı qoyulsun”.
"Media haqqında” Qanunun müzakirəsi zamanı onun alovlu tərəfdarı olan Qüdrət Həsənquliyevin ictimai müzakirələrdə və parlamentdə səsləndirdiyi fikirləri o zaman birmənalı qarşılanmasa da, uzun müddət ciddi müzakirəyə səbəb olmuşdu. O, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini kimi "jurnalistlərə dair tələblərin ciddiləşdirilməsini”, başqa sözlə desək, dövlətin bu sahəyə əsaslı müdaxilə edərək tənzimləmə həyata keçirməsinin tərəfdarı idi.

Deputat medianın müstəqil biznes subyekti olması formatını bir kənara qoyaraq bu sahəni lisenziyalı fəaliyyətə çevirmək, başqa sözlə desək, senzura elementlərini tətbiq etmək qənaətini bölüşürdü. Açıq şəkildə bildirmişdi ki, jurnalistlər yalnız test imtahanı verdikdən sonra vəsiqə ala bilərlər. Baxmayaraq ki, "Media haqqında” Qanunun layihəsində jurnalistlərin attestasiyadan keçmələri ilə bağlı tələb heç vaxt olmayıb.
Maraqlıdır ki, jurnalistləri testdən, attestasiyadan keçirməyi tələb edən Həsənquliyev indi "Media haqqında” Qanunun tələblərinə qarşı fikir səsləndirir. Soruşan lazımdır ki, "Media haqqında” Qanunu bəyənmirdinizsə, niyə onu dəstəkləyirdiniz?

Bu gün dünən dediyinin 180 dərəcə əksini iddia edən şəxsləri necə ciddi qəbul etmək olar? Bəlkə elə bu səbəbdəndir ki, media deputatları danışdırmaq istəmir, çünki hər dəfə bir "quş buraxıb” sonra da başlayırlar ki, fikirləri təhrif olunub və s.

Q.Həsənquliyev deyir: "Bizdə 100 illər ərzində dövlətçilik ənənələri formalaşmadığından dövlət institutları arzuladığımız səviyyədə inkişaf etməyib. Əhalinin sosial inkişaf indeksi yüksək olmadığından ölkəmizin təhlükəsizliyi, müstəqilliyi, sabitlik daha çox Prezidentin xarizması üzərində qurulub. Bu vəziyyət ölkənin gələcəyini düşünən hər kəsi narahat etməlidir”.

Deməli, bu ölkədə hər şey bərbaddır və cənab Prezidentin xarizması olmasa, çökəcək. Deməli, 30 illik müstəqilliyimiz dövründə Heydər Əliyevin, İlham Əliyevin qurduqları, yaratdıqları, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edən bütün faktorlar heç nədir. Media bu adamlarlamı ciddi məsələləri müzakirəyə çıxarsın?

Qüdrət Həsənquliyev 30-a yaxın istiqamət göstərib və onları ciddi məsələlər kateqoriyasına aid edib. Çox yaxşı. Təklif edirik ki, bir partiya sədri, deputat kimi onlardan biri barədə fundamental bir araşdırma aparıb hər hansı saytda versin. Media da onun ictimai müzakirəsini təşkil etsin. Yoxsa gözləməsin ki, onun və onunla bir cərgədə duranların da işini media görəcək, onlar da rahat kürsülərində oturub, heç nə etməyib maaş alacaqlar və sağa-sola ittiham yağdıracaqlar.

Ölkəmiz Qüdrət Həsənquliyevin də namizəd kimi qatıldığı prezident seçkilərindən yeni çıxıb. Qüdrət bəy seçkilərdə cəmi 1.72% səs qazanıb. Yəqin ki, yalnız ona səs vermiş 85.411 nəfər Q.Həsənquliyevin seçki platforması və ölkəmizin gələcəyi ilə bağlı dəyərli fikirləri ilə tanış olmaq imkanı əldə ediblər, yoxsa bu rəqəm daha yüksək ola bilərdi. Amma yenə də maraqlıdır, Qüdrət bəy seçki platformasında, İTV-dəki debatlarda, İctimai radioda çıxışlarında, mediaya müsahibələrində o sadaladığı 30-a yaxın istiqamətin hansı biri ilə bağlı dəyərli fikir səsləndirib? Görən olubsa, mütləq xəbər versin, müzakirəyə çıxaraq.

Təbii ki, bu müsahibəni özünüreklam da hesab etmək olardı. Sadəcə prezident seçkilərində namizəd olmuş şəxsin belə yollarla özünü reklam etməsinə nə lüzum var? Müxtəlif fikirlər ola bilər, amma görünən odur ki, bu müsahibə hədəflidir və tam fərqli məqsədlər güdür. Yoxsa gecə ilə yazıb, tələm-tələsik müxtəlif saytlarda yaymaq hansı zərurətdən irəli gəlirdi? İddia yox, ehtimal etmək olar ki, göstəriş çox ciddiymiş. Yəqin qulaqlar da özünü çox gözlətməyəcək.//KONKRET.az