Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Məhsa Əmini haqqında yazan jurnalistlər həbsdən buraxıldılar

Məhsa Əmini haqqında yazan jurnalistlər həbsdən buraxıldılar

İranda Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyalarını işıqlandırdıqları üçün uzun müddətə azadlıqdan məhrum edilən iki jurnalist - Nilufər Həmidi və İlahə Məhəmmədi işlərinə baxılmadan həbsdən azad ediliblər.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Azadlıq” radiosu məlumat yayıb.

Məlumata görə, yanvarın 14-də jurnalistlər Tehrandakı Evin qadın həbsxanasını tərk ediblər. İran rəsmiləri jurnalistlərin zamin müqabilində "müvəqqəti olaraq” sərbəst buraxıldıqlarını bildiriblər. Onların ölkədən çıxışı qadağan edilib.

31 yaşlı Nilufər Həmidi və 36 yaşlı İlahə Məhəmmədi ötən ilin oktyabrında müvafiq olaraq 13 və 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar müxtəlif cinayətlərdə, o cümlədən milli təhlükəsizliyə qarşı hərəkətlərdə və düşmənçilik təbliğatında, həmçinin "düşmən Amerika hökuməti ilə əməkdaşlıqda” ittiham olunublar. 

Xatırladaq ki, şəriət qanunlarını pozmaqda ittiham edilən 22 yaşlı Məhsa Əmini 2022-ci ilin payızında həbsxanada işgəncə görərək vəfat edib. Çoxlarının əxlaq polisini və səlahiyyətliləri günahlandırdığı onun ölümü bütün ölkədə kütləvi etirazlara səbəb olmuşdu.