Gündəm / Cəmiyyət / Hadisə

Azərbaycanda ölüm hökmü bərpa edilməlidirmi? - Vəkillərdən fərqli yanaşma

Azərbaycanda ölüm hökmü bərpa edilməlidirmi? - Vəkillərdən fərqli yanaşma

"Qəsdən adam öldürən şəxslərə ölüm cəzası verilməsini doğru hesab edirəm".

"Kanal14.az" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Türkiyədə qadın cinayətləri üçün edam cəzasının bərpa olunması təklifinə münasibət bildirərkən deyib.

Hüquqşünas vurğulayıb ki, Türkiyədə qadın qətllərinin artım dinamikası müşühidə edilir:

Azərbaycanda ölüm hökmü bərpa edilməlidirmi? - Vəkillərdən fərqli yanaşma

"Bu baxımdan, Türkiyədə ölüm cəzasının bərpası təkliflərini təqdir edirəm. Ümumiyyətlə, hər bir şəxsə verilən cəza törədilmiş cinayətə adekvat olmalıdır. Mən hüquqşünas kimi ölüm cəzasının ləğv edilməsinin əlehinə olmuşam. Onun bərpa edilməsinin tərəfdarıyam. Yəni, qəsdən adam öldürən şəxsə ölüm cəzası verilməlidir".

Vəkil Anar Qasımlı isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, ölüm hökmü Azərbaycan qanunvericiliyindən çıxarılıb:

"Ölüm hökmünün olub-olmaması çox müzakirə edilə bilər. ABŞ-da elə ştatlar var ki, orada ölüm hökmü qüvvədədir. Artıq cəmiyyət ölüm hökmündən imtina etməlidir. Cəzanın məqsədi var. Cəzanın məqsədi şəxsi islah etmək, başqalarını xəbardar etməkdir. Ömürlük azadlıqdan məhrum etmə cəzası da bir xəbərdarlıqdır - bu səhvləri etməyin, belə cinayətlərdən uzaq olun və s. Bir halda ki, cəzanın məqsədi şəxsi islah etməkdir, ölüm cəzası ilə şəxsi necə islah edə bilərik? Bu təklif anlaşılan deyil, qadın qətllərinə görə ölüm hökmü tələb etmək də anlaşılan deyil. Burada ayrıseçkilik var. Qadını öldürməyə görə ölüm hökümü verilsin, amma öldürdüyü bir kişidirsə, ölüm hökmü verilməsin, bu, absurd yanaşmadır".

Azərbaycanda ölüm hökmü bərpa edilməlidirmi? - Vəkillərdən fərqli yanaşma

Anar Qasımlı qeyd edib ki, Azərbaycan qanunvericiliyi bu hallarla bağlı kifayyət qədər sərt məsuliyyət müəyyən edir:

"Ona görə hər hansı ölüm hökmünün müzakirəsinə ehtiyac görmürəm. Bu məsələ Azərbaycanda gündəlikdən çıxarılıb. Cinayət törədən şəxs cəzanı hiss eləməlidir. Onun hər gün ağrı-acısını çəkməlidir. Müzakirə oluna bilər ki, cəzaçəkmə müəssisələrini sərtləşdirək. Cinayət törədən şəxslər daha sərt rejimlərdə cəza çəksinlər".

Bundan əvvəl, Türkiyə Ali Apellyasiya Məhkəməsinin Baş Prokuroru Bekir Şahin təklif edib ki, qadın qətllərinə görə edam cəzası bərpa olunmalıdır:

"Təqsiri sübuta yetirilən şəxsə edam cəzası verilməlidir. Bəzi əməllərə görə edam cəzası tətbiq edilməlidir. Hamilə qadını saysız-hesabsız bıçaq zərbələri ilə qətlə yetirən şəxsə ağırlaşdırılmış həbs yerinə edam cəzası verilməlidir. Ağırlaşdırılmış ömürlük həbs çəkindirici deyil".