Gündəm / Siyasət / Dünya

Saakaşvilidən şok Ukrayna iddiası: “Döyüşlər ən qısa müddətdə bitəcək”, Putin isə...

Saakaşvilidən şok Ukrayna iddiası:

Kanal14.az: - "Rusiya müharibəyə başlama səbəbinin heç birini reallaşdıra bilməyib”

"NATO üzvü ölkələri öz qoşunlarını Ukraynaya göndərə bilər”. Bu barədə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində bildirib.

"Məndə olan məlumata görə, ABŞ və bir sıra Avropa ölkələri Ukraynada müharibəyə birbaşa daxil olmağa hazırlaşır. Onlar ABŞ-ın cənubunda məhz bu istiqamətdə təlimlər keçirirlər. Üstəlik, təkcə hava əməliyyatları deyil, həm də quru qoşunlarının göndərilməsi nəzərdən keçirilir və hazırlanır”, - Saakaşvili iddia edib.

Hazırda Ukrayna vətəndaşı olan sabiq prezident əlavə edib ki, NATO münaqişəyə müdaxilə edərsə, döyüşlər ən qısa müddətdə başa çatacaq. Belə bir ssenari nə dərəcədə realdır? Buna Rusiyanın reaksiyası necə olar? Bu arada "Nyu York Tayms” qəzeti Kremlə yaxın iki keçmiş yüksək rütbəli rus məmuruna, həmçinin Rusiya nümayəndələrindən mesaj alan ABŞ və beynəlxalq rəsmilərə istinadla belə bir məlumat yayıb ki, Vladimir Putin aylardır diplomatik kanallar vasitəsilə Ukrayna ilə müharibədə atəşkəs rejimini müzakirə etməyə hazır olduğunu bildirir. İddiaya görə, 2022-ci ilin sentyabrında Putin Rusiya ordusunun ələ keçirdiyi ərazilərlə kifayətlənməyə hazır olduğu mesajını verib. Lakin mənbələr nəşrə bildiriblər ki, Rusiya qoşunları döyüş meydanında yenidən güc qazanarsa, Putin fikrini dəyişə bilər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Cek Devayn isə iddia edib ki, Putinin Ukraynada dalana dirənən müharibə səbəbindən dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı ehtimalı var.
Putin gerçəkdənmi atəşkəs istəyir və saray çevrilişi ilə devrilə bilər? Bəs ABŞ-da təlimlər məsələsi?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bildirdi ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü tarixi səhv idi: "Bəlkə də Qərb siyasi-hərbi dairələri hər iki slavyan dövlətinin müharibəyə cəlb edilməsinə xüsusi cənfəşanlıq göstərərək, nəticə etibarı ilə Putinin böyük yanlışlıqları və ambisiyaları səbəbindən buna nail oldular. Kreml hesablamaları düzgün aparmadı və elə düşündü ki, ”blits kriq"ə nail olacaq. Lakin Rusiya Ukraynada hər gün daha artıq maliyyə, silah, hərbi texnika, vəsait və canlı qüvvə itirir. Dünyanı çoxqütblü etməyə iddialı olan və bunu da Milli Təhlükəsizlik Konsepsiyasına daxil edən Moskva getdikcə özünün ənənəvi təsir zonalarından sıxışdırılıb çıxarılır. Asiya regionuna Çin, Ukrayna, Moldovaya Qərb, Cənubi Qafqaza da Türkiyə və Qərb sürətlə nüfuz etməkdədir. Rusiyanın etirazlarına və təhdidlərinə rəğmən Ukrayna, Moldova və Gürcüstan Avropa məkanına inteqrasiya istiqamətində inamlı addımlarını atmaqdadır. Gec-tez Ukrayna bu müharibədən çıxacaq. Böyük itki və dağıntılara məruz qalsa da, Ukraynanın ciddi güzəştlərə gedəcəyi inandırıcı deyil. Rusiyanın sülhə qəbuledilməz şərtlər daxilində razılaşacağını düşünmürəm. Kreml işğal olunmuş əraziləri əlində saxlamaqla Moskvaya təminat verilməsini tələb edir. Təbii ki, Ukrayna belə şərtləri qəbul etmir və etməz. Əgər ABŞ prezidenti Co Baydenin parlamentdə Ukraynaya 60 milyard dollar yardım ayrılması barədə sorğusu keçərsə, həmçinin Avropa Birliyin vəd etdiyi 50 milyard euro vaxtında çatdırılarsa, o zaman Rusiyanın məğlubiyyəti mütləqdir. Zənn etmirəm ki, NATO Rusiya ilə açıq konfratasiyaya girsin. Rusiya ilə birbaşa müharibə məncə nüvə təhlükəsinə yol açardı.
Gələn il Rusiyada da prezident seçkiləri keçiriləcək. Putin çalışacaq ki, seçkilər ərəfəsində populyarlığını artırmaq üçün vabank getsin. Ukraynada məğlubiyyət və ya hansısa güzəşt onun seçki planlarına ciddi problemlər yaradar. O, çalışacaq ki, xırda, hətta nəzərə çarpan uğur qazana bilsin ki, təbliğat kampaniyasında həmin faktordan istifadə edə bilsin. Ehtimal olunan variantlardan da biri ondan ibarət ola bilər ki, Qərblə seçkiöncəsi hansısa bazarlığa getsin. Bununla belə, fikrimcə, Putin daxili auditoriyanın qəzəbini Qərbə istiqamətləndirmək üçün NATO-nun fəal hərbi əməliyyatlara müdaxiləsində bəlkə də maraqlıdır".

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli isə qeyd etdi ki, Rusiyanın hələ ki, hədəfləri ortaqlıqda qalıb: "Bu müharibənin əvvəlindən Rusiyanın tələyə düşməsi qənaətində olmuşam. Rusiya hazırkı duruma görə, müharibəyə başlama səbəbinin heç birini reallaşdıra bilməyib. Müharibəyə başlayarkən, ”öz ətrafımda NATO-nu istəmirəm" deyirdi, ancaq müharibə zamanı qonşusu Finlandiya NATO-ya qəbul olundu və uzun sərhəd boyu NATO ilə qonşu olmağa məcbur qaldı. NATO Rusiya sərhədindən uzaqlaşmaq əvəzinə daha da yaxınlaşdı. Eyni zamanda, hədəflərdən digəri Kiyevdə rejimi dəyişmək və işğal etdiyi Donbas və Luqanskı tam olaraq ələ keçirmək idi ki, hazırda heç biri həyata keçməyib. Qısacası, Putin bir az ərazi artımından başqa məqsəd qoyduğu heç bir şeyə nail olmayıb. Müharibə uzandıqca ciddi uğura imza ata bilməyəcəyini başa düşən Putinin sülh axtarışları və atəşkəs niyyəti təəccüblü deyil. Bundan öncə də Ərdoğan vasitəsilə belə istəyi olub. Ancaq hesab edirəm ki, Putinin hazırkı şərtləri nə Ukrayna, nə də ABŞ üçün məqbul deyil. Düşünürəm ki, bu müharibədə yaxın zamanda atəşkəs olmayacaq və 2024-cü ildə də öz axarı ilə davam edəcək. Mümkün ssenari olaraq, mart ayında Rusiyada baş tutacaq prezident seçkilərindən sonra saray çevrilişinə cəhd və müəyyən daxili qarşıdurmalar aktivləşə bilər. Əgər çevriliş cəhdi baş tutmazsa, növbəti addım olaraq Rusiyaya qarşı ikinci cəbhənin açılmasını da ehtimallardan hesab edirəm".// "Yeni Müsavat”