Gündəm / Dünya

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

İsrail HƏMAS-ı məhv etmək üçün uzunmüddətli plan hazırlayır: yaraqlıları Türkiyədə öldürəcəklər

İsrail kəşfiyyat xidmətləri Fələstinin Həmas hərəkatının üzvlərini axtarmaq və məhv etmək üçün uzunmüddətli plan hazırlayır.

"Kanal14.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) yazır.

Nəşrin məlumatına görə, söhbət təkcə Qəzza zolağında deyil, həm də Livan, Türkiyə və Qətərdə olan yaraqlılardan gedir.

WSJ yazır ki, bu illər ərzində Qətər, Livan, İran, Rusiya və Türkiyə kimi ölkələr HƏMAS-a "müəyyən müdafiə” verib. İsrail isə öz növbəsində diplomatik böhran yaratmamaq üçün silahlılara zərbə endirməkdən çəkinib. Nəşrin mənbələrinə görə, indi İsrail hakimiyyəti dünyanın digər ölkələrində HƏMAS liderlərini öldürməyə cəhd edib-etməmək yox, bunu harada və necə etmək məsələsi üzərində baş sındırırlar.
Ətraflı

WSJ qeyd edir ki, bəzi İsrail rəsmiləri yaraqlıların məhv edilməsi planının hazırlanmasını gizli saxlamağı zəruri hesab ediblər. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu bunu noyabrın 22-də açıq elan edib. "Mən Mossad-a (İsrailin milli kəşfiyyat xidməti – red.) HƏMAS liderlərinə harada olurlarsa olsunlar, onlara qarşı hərəkət etməyi tapşırmışam", - deyə Netanyahu bildirib.

WSJ vurğulayır ki, İsrailin əsas məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir ki, yaraqlılar bir daha heç vaxt ölkənin təhlükəsizliyinə təhdid yaratmasın. Eyni zamanda, nəşr qeyd edir ki, xarici ölkələrdə törədilən qətllər beynəlxalq hüququn pozulmasına çevrilə və onların cavab tədbirləri görməsinə səbəb ola bilər. Lakin təcrübədə İsrail və digər ölkələr, o cümlədən ABŞ öz sərhədlərindən kənarda terrorçuları məhv etmək üçün dəfələrlə əməliyyatlar həyata keçirib.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Həmin gün Fələstin hərəkatı İsrail ərazisinə hücum edərək insanları girov götürüb. Buna cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb və bütün HƏMAS yaraqlılarını məhv etmək planlarını açıqlayıb. Noyabrın sonunda tərəflər anklavda girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi üçün atəşkəs sazişi imzalayıblar. Bu gün, dekabrın 1-də İsrail ordusu HƏMAS-ın hərbi təxribatı səbəbindən Qəzza zolağında əməliyyatları bərpa etdiyini açıqlayıb.