Gündəm / Cəmiyyət / Sosial

Yas adətlərimiz, bahalı qəbirlər, azalan ərazilər - Hansı dəfn qaydaları doğrudur?

Yas adətlərimiz, bahalı qəbirlər, azalan ərazilər - Hansı dəfn qaydaları doğrudur?

(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanıb)

Deyirlər, indiki dövürdə ölmək yaşamaqdan baha başa gəlir. Buna isə bir çox səbəblər gətirirlər. Məsələn, dəfn xərcləri, meyiti dəfn etmək üçün torpaq, meyitin yuyulub-kəfənlənməsi, qəbir daşı, üçü, yeddisi, qırxı... Bunlar hamısı xərc tələb edir. Bu gün ölkədə bir qəbir yerinin 15 min manata satıldığı ərazilər var, həmin yerlərdə hətta 100 min manata da qəbir yeri mövcuddur. Qəbir üstü abidələr isə minimum 3 min manatadan başlayaraq, 50 min manata və daha artıq qiymətə düzəldilir. Hələ bunun ehsan süfrəsi, üçü, yeddisi, qırxı var. İnsanlar sanki bu məsələlərdə bir-biri ilə bəhsə girib. Bütün bunların fonunda isə tez-tez qəbir yerlərinin azalması ilə bağlı xəbərlər eşidirik. Hətta deyirlər ki, bir gün zaman gələcək ki, ölülərimizi dəfn edə bilməyəcəyik.

Bəs nədir bunların səbəbləri?

"Kanal14.az" bildirir ki, Qaynarinfo bu məsələləri ilahiyyatçı Tural İrfan və psixoloq Seyyid-Zeynəb Əliyeva ilə müzakirə edib.

Tural İrfan deyib ki, qəbir yerləri ilə bağlı məsələ uzun müddətdir davam edən problemdir. Bu problemin isə müxtəlif səbəbləri var:

"Ən birinci səbəb qəbir yerlərinin çox zəbt edilməsidir. Qəbir alveri ilə məşğul olan adamlar var ki, əraziləri götürür, daha sonra onları baha qiymətə satırlar. Yaxud insanlar tayfası, ailəsi üçün böyük bir yeri götürür, hasarlayır, deyir ki, bura mənimdir. Bəzi şəxslər ölüsünü dəfn edir, onun üstündə 3 metr hündürlükdə daş qoyur, 15-20 metr hündürlüyündə məqbərə ucaldır, mərmər daş qoyur. Vəziyyətin belə olmasında insanların da günahı çoxdur. Nəticədə çox ərazilər qəbr adı ilə zəbt olunur, bu da günahdır və dində də buna yol verilmir. Ən çox yerləri qəbir daşları tutur. Böyük daşlar qoyurlar, baha qiymətə olur. Bu isə həm israfdır, dinimizə görə günahdır. Qara daş ümumiyyətlə şeytan əlamətidir. Onu heç qoymaq olmaz. Qara daşı Sovet vaxtı ermənilər dəb saldı, daha sonra hamı qara mərmər qoymağa başladı. Bu, düzgün deyil, İslamın rəngi qara deyil. Qəbirin üstünə normal bir daş, nişangah qoymaq olar. Bakıdan da böyük şəhərlər var, orda belə dəbdəbə, yer israfına yol verilmir. Bizdə yer israfına çox yer verildiyinə görə, bəli, bir vaxt gələcək yerlər dolacaq. İndi biri deyir öləni yandırmaq lazımdır, biri başqa təklif edir. Bunlar İslam qaydalarına uyğun deyil. İslamda insan ancaq torpağa dəfn olunmalıdır. Çox mərtəbəli qəbirlər ola bilər. Belə qəbirlər müsəlman ölkələrində də var. Gəncədə Səbiskar qəbirstanlığında qədimi qəbirlər var. Bunlar da yeraltı sərdabələrdir. Yerin altında qazıblar, pilləkənlə tunel kimi aşağı düşürsən. O qəbirstanlıqda ölünü dəfn edirdilər. Daha sonra həmin nəsildən kimsə rəhmətə gedəndə aparıb dəfn edirlər. İnsanların dəfni məhdud formada olmalıdır. Günahdır ki, kimisə dəfn edərkən yanında da bir hektar yer götürəsən, mən bunu da nəslim üçün götürürəm deyəsən".

Yas adətlərimiz, bahalı qəbirlər, azalan ərazilər - Hansı dəfn qaydaları doğrudur?

İlahiyyatçı deyib ki, bu məslələrlə bağlı ölkəmizdə ciddi ölçülər götürülməlidir:

"Mən müşahidə eləmişəm, Naxçıvanda standart qəbir daşı formalaşdırmışdılar, hamı standart qəbir daşı qoyurdu. Düşünürəm ki, bu sahənin də ölkədə monopolistləri var, onlar xarici ölkələrdən qara mərmər gətirib, baha qiymətə satırlar, ona görə də bu bazara müdaxilə etmək mümkün olmur. Yaxşı olar ki, standart qəbir daşlarının qoyulması ilə bağlı qanun qəbul olunsun. Bu dünyada insanlar fərqlənə bilər, amma o biri dünyada fərq yoxdur. Heç kim orada varlı, kasıb, məmur deyil. Hamı eynidir. Tarixi şəxsiyyətlərə, tanınmış şəxslərə belə daşların qoyulmasına icazə vermək olar. Bu dinimizdə də var. Peyğəmbərin məzarının üstündə də məscid tikiblər. Lakin adi insanların məzarı üstündə məqbərələrə, böyük daşlara ehtiyac yoxdur. Belə olan halda insanlar ölülərini də səliqə-səhmanla dəfn etmiş olarlar”.

"Gələcəkdə qəbir yerləri çatmazsa, bir qəbirdə iki nəfərin dəfn edilməsi mümkün olarmı" sualına cavab olaraq Tural İrfan bildirib ki, bir məzarda iki nəfərin dəfn edilməsinə yol verilmir:

"O meyitin tam çürüyüb, itdiyinə əmin olandan sonra həmin məzarda başqa insanları dəfn etmək olar. Bunun nə qədər zaman olduğunu isə tibb mütəxəssisləri bilər. Çünki torpaqdan-torpağa çox şey asılıdır, şoran yerlərdə cəsəd tez çürüyür, ancaq qumsal yerlərdə, məslən Ərəbistan kimi ölkələrdə insan gec çürüyür. 150-200 ildən sonra baxırsan, insan daşlaşmış formada qalıb. Buna görə də həmin qəbirdə təkrar dəfn ərazilərə görə dəyişə bilər. Bu işlərə baxan mütəxəssislər var, onlar deyəndən sonra bu ərazidə artıq cəsədlər çürüyüb, orda insanları dəfn etmək olar”.

Bəzi ərazidə yaşayan şəxslərin öz ərazilərində kənar yerlərdən gətirilən şəxslərin dəfninə icazə verməməsi, buna səbəb kimi öz ölülərinə yer qalmayacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən ilahiyyatçı qeyd edib ki, qəbirstanlıqda ümumiyyətlə məhdudiyyət olmamalıdır:

"Müsəlman qəbirstanlığıdısa, bütün müsəlmanların orda ölüsünü dəfn edə bilər. Mənə elə gəlir ki, burda situasiya fərqlidir. Şəhərdə yaşayan insanlara qəbir yerlərini o qədər baha deyirirlər ki... Tutaq ki, Yasamalda, ya İçərişəhərdə yaşayan insanlara qəbir yerlərini elə baha qiymətə satırlar ki, kasıb adamlar da məcbur olur uzaq qəbirstanlqlarda ölüsünü dəfn etməyə məcbur olur. Belə insanlar da çox getdiyinə görə, görünür, kənd camaatı da düşünür ki, onların gələcəkdə ölülərinə yer qalmayacaq. Ona görə də dəfn nizamlanmalıdır, qeydiyyatla olmalıdır, insanlar harda qeydiyyatdadırsa, ölülərini orda dəfn etməlidir. İslamla yol verilsə də, ölünü aparıb başqa yerdə dəfn etmək də ədəbə uyğun deyil. Hər yaşayış yerinin öz qayda qanunları var, oranın əhalisini nəzərə almaq lazımdır. Elə yerlər var ki, ora kənardan gətirib ölü dəfn ediblər, həmin yerdə yaşayan insanlara yer qalmır”.

Tural İrfan deyib ki, keçmişdə Bakı kəndlərinin bəzilərində ölüləri əmanət qoyurmuşlar:

"Bir vaxtlar Bakıda tanınmış bir neçə şəxsi də o cür dəfn ediblər. Bunu da ona görə edirmişlər ki, guya bu insanlar çürüyəndən sonra sümüyünü aparıb Kərbalaya dəfn etsinlər. Sovet hökuməti qurulandan sonra həmin insanları apara bilməyiblər. Bu insanlar da elə arxası üstə basdırılı qalıb. Səhv etmirəmsə, belə qəbirlər Balaxanıda daha çoxdur. Deyilənə görə, Mirmövsüm Ağa da Şüvəlanda bu cür dəfn olunub. Sonra onu apara bilməyiblər. Bu dində yoxdur, haramdır, günahdır. İnsan dini qaydalara uyğun basdırılar, daha sonra da çıxarılmaz”.

Psixoloq Seyyid-Zeynəb Əliyeva isə deyib ki, insanlar bunu daha çox göstəriş xətrinə edirlər, ətraf nə deyər deyə dəyərləndirirlər:

Yas adətlərimiz, bahalı qəbirlər, azalan ərazilər - Hansı dəfn qaydaları doğrudur?

"Məzar daşı nə qədər göstərişli olarsa, ölən insana verilən dəyər də bir o qədər də çoxdur və ya əksinə. Biz buna yaslarda verilən ehsanı da misal göstərə bilərik. İmkanı az olmasına baxmayaraq, borca girərək göstərişli yas vermək istəyirlər. Bu da bir daha insanların ətraf nə deyər düşünməsini təsdiqləyir. İnsanlar ailə üzvlərini dəfn etdikdə həmin yeri böyük götürmək istəmlərinə səbəb onların axirətə inamlarının göstəricisidir. Onlar nə vaxtsa öləcəyini düşünərək, ailə üzvlərinin yanında dəfn olunmaq istəyirlər. İnsanlar müxtəlifdir. Hər bir insanın özünüə məxsus fikir və davranışları var. Bu müxtəliflik elə ölüm haqqındakı fikirlərin təsviri və cavablarına da aid ola bilər. Ölümə münasibət hər insan üçün eyni deyil. Bir qəbirdə bir neçə insanın dəfn olunması bir insan üçün adi hal olsa da, başqası üçün ağır və dözülməz ola bilər".
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.