Gündəm / Cəmiyyət / Sosial / Təhsil

Təhsilimizin bugünu budur, bəs sabahı ?

Təhsilimizin bugünu budur, bəs sabahı ?

Təhsil sahəsindəki narazılıqlar getdikcə daha da olovlanır.

"Kanal14.az" bildirir ki, artıq müəllimlər özləri belə dilə gəlib son illər təhsilə gətirilən yeniliklərdən gileylənirlər, daha doğrusu buna etiraz edirlər.

Valideynlər deyir, "əvvəllər hər uşaq məktəbə gedirdi, istənilən uşaq yaxşı oxumasa belə, ən azından adını yazmağı öyrənirdi. Amma, indi birinci sinifə belə imtahanla götürürlər uşağı. Birinci sinif nə bilir imtahan nədir?

Bundan əlavə, bir uşağın dərsliklərini 3 çantaya doldurmalı oluruq, üstəlik də internet üzərindən dərs tapşırılır. Bu həm maddi, həm fiziki, həm də zehni cəhətdən yükdür hamısı".

Şagirdlər deyir, "günlərimiz biri-birinin ardınca gələn imtahanlara hazırlaşmaqla keçir. Çatdıra bilmək üçün yalnız əzbərləməyə məcbur oluruq, o da az müddət sonra beynimiz yüklü və yorğun olduğu üçün yadımızdan çıxır. O, qədər də dərs vəsaiti deyirlər, onları tapmaq üçün kitabxanalar gəzirik, internet və sair.... Bütün bunlar bizim üçün çox ağırdır ".

Müəllimlər deyir, "fikrimiz qalır özümüzün verəcəyimiz imtahanda, həyəcan, stress, üstəlik də əvvəllər bir jurnala işləyəcəyimiz qiyməti, indi 3 jurnala işləyirik və sair... Bütün bu qədər işin arasında şagirdlərə ayıracaq vaxtımız qalmır."

Təəssüflər olsun ki, ən vacib və aparıcı sahə olan təhsil sahəsindəki problemlər təkcə yuxarıda sadalananlarla da bitmir. Mütəmadi olaraq müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə pul yığılması, bölgələrdə fəaliyyət göstərən bir çox məktəblərin təmirsiz olması, bu soyuq aylarda istilik sistemlərinin olmaması, hətta bəzi yerlərdə ümumiyyətlə məktəbin olmaması, həmçinin müəllim - şagird, müəllim - valideyin, müəllim - direktor münasibətləri və sair kimi problemlər də mövcud təhsilin "bataqlıqda çabaladığını" göstərir.

Bəli, təhsil sahəsində narazılıq yaradan səbəblər həddindən artıq çoxdur, lakin bu qədər etirazlara rəğmən aradan qaldırılması istiqamətində ümumiyyətlə addımların atılmaması isə Elm və Təhsil naziri Emin Əmrullayev fəaliyyətinin xalqın tələb etdiyi və gözlədiyi olmadığı kimi, olmayacağına da əminlik yaradır.

Xalq təhsil üçün də, səhiyyə üçün də, pensiya üçün də, iş üçün də, 2-3 sot torpaq üçün də, su üçün də... bir sözlə insan kimi yaşamaq üçün lazım olan hər şeydən ötəri mətbuat vasitəsilə ölkə başçısına müraciət edir.

Bu da o, deməkdir ki, ölkədə çoxları öz yerində deyil. Bu cür giley-güzarla təqvimin daha bir ilini yola salırıq. Hər il olduğu kimi, indi də çarəsiz vətəndaşlar gələn il hər şeyin yaxşı olacağı ümidiylə, 2024-ü gözləyir.

Vurğuladığımız kimi - hər il olduğu kimi... Hər il o ümidli yeni ili qarşılayıb, yola salırıq, hər şey yaxşı olurmu?

Yaxşının olması üçün ciddi nəzarət və düzgün xidmət etməyə məcbur edən qaydalar olmazsa dünənimizlə sabahımız eyni olacaq.

DogruXeber.az