Gündəm / Cəmiyyət / Hadisə

Azər Maqsudov Elçibəyin müşavirini maşınla vurub öldürdü

Azər Maqsudov Elçibəyin müşavirini maşınla vurub

Bakıya qonaq gəlmiş tanınmış alim Arif Acaloğlu dünyasını dəyişib. Onun həlak olduğu yol qəzasını törədən şəxsin kimliyi məlum olub.

"Kanal14.az" Apa-ya istinadən xəbər verir ki,  onu vuran "Mercedes” markalı avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Bildirilib ki, İstanbul Mərmərə Universitetinin azərbaycanlı müəllimi, türkoloq alim, əslən Gürcüstanın Bolnisi rayonundan olan Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub. O, Bakıda elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Qeyd edək ki, A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.

O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.

Nəzərinizə çatdıraq ki, həmin müddətdə Azərbaycanın prezidenti Əbülfəz Elçibəy olub.