Gündəm / Hadisə / Mədəniyyət

İnna Qurbanova vəfat etdi - FOTO

İnna Qurbanova vəfat etdi - FOTO

 

AMEA-nın Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin baş elmi işçisi, biologiya elmləri doktoru, dosent İnna Qurbanova vəfat edib.

"Kanal14.az"  DİA.AZ-aistinadən  xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. O, yanvarın 8-də 85 yaşında dünyasını dəyişib.

İnna Musa qızı Qurbanova 1937-ci ilin yanvar ayının 26-da Şamaxı şəhərində ziyalı ailəsində anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi fəaliyyətə başlayıb.

İ.Qurbanova 1963-1965-ci illərdə Moskva şəhərinə ezam edilib və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika kafedrasında və A.N.Bax adına Biokimya İnstitutunun Təkamül biokimyası laboratoriyasında tədqiqatlar aparıb. 1965-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasında təhsil alıb. 1972-ci ildə namizədlik, 1992-cı ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edib. 1990-cı ildə "Biofizika" ixtisası üzrə dosent elmi adını alıb. Uzun illər ərzində Botanika İnstitutunun Hüceyrə biofizikası laboratoriyasının müdiri vəzifəsində çalışıb.

İ.Qurbanova bitkilərdə fotosintez prosesinin biofizikası, fiziologiyası və biokimyası üzrə mütəxəssis kimi tanınıb. Elmi tədqiqatları ali bitkilərin xloroplast membranlarında xlorofil-zülal komplekslərinin təşkili və biosintezi prinsiplərinin tədqiqi, fotosintetik aparatın ekstremal faktorlara qarşı adaptasiyasının molekulyar əsasları istiqamətində aparılıb. O, 1974-cü ildə xlorofil-zülal komplekslərinin xloroplastlarda yığılma prinsipləri əsasında biosintezinin idarəetmə metodlarının işlənilməsi elmi-texniki proqramı (0.74.05.16 (QU) N4) üzrə tədqiqatların yerinə yetirilməsinin, həmçinin bu sahə üzrə Bolqarıstan Elmlər Akademiyasının Bitki fiziologiyası İnstitutunda Fotosintezin biokimyası bölməsi ilə birgə aparılan tədqiqat işlərinin əsas icraçılarından biri olmuşdur. Əldə edilmiş nəticələr dünyanın bir çox aparıcı laboratoriyalarında öz təsdiqini tapıb və o cümlədən Bolqarıstan Elmlər Akademiyasında yüksək qiymətləndirilərək, klassik hesab olunub (Photosynth Res (2006) 88: 195-204).

İ.Qurbanova tərəfindən ilk dəfə olaraq stress amillərinin fotosintetik membranların xlorofil-zülal komplekslərinin dəyişməsinə təsir göstərdiyi və komplekslərin monomerizasiyasının bitkilərin adaptasiya qabiliyyətini təyin edən yekun proseslərdən biri olduğu fikri irəli sürülmüş və bununla bağlı o, 1993-cü ildə fərdi qrantla mükafatlandırılıb.

Alimin elmi işləri dəfələrlə SSRİ Elmlər Akademiyasının mühüm nailiyyətləri sırasına daxil edilib və onun elmi mənbələri zənginləşdirən nəticələri müvafiq profilli yerli alimlər tərəfindən də yüksək qiymətləndirilib.

İ.Qurbanova 140-dan çox elmi əsərlərin müəllifi idi. Bunlardan 100-ə qədəri beynəlxalq səviyyəli nüfuzlu dərgilərdə, o cümlədən yüksək impakt faktorlu jurnallarda ("Z.Pflanzenphysiol", "Physiologia Plantarum", "Biophysical", "Photosynthetica", "Metallomics", "Biochemistry", "Биохимия", "Физиология и биохимия культурных растений") və eləcə də məruzələrlə iştirak etdiyi bir sıra beynəlxalq səviyyəli konfrans, qurultay materialları və toplularında dərc olunub.

İnna Qurbvanovanın kadr hazırlığı sahəsində də xidmətləri olub. Onun elmi rəhbərliyi altında 3 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub, 1 elmlər doktoru və 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.

İ.Qurbanova ömrünün sonuna qədər AMEA-nın Botanika İnstitutunun Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvü olub.

Alim 1982-ci ildə "Əmək veteranı" medalına layiq görülmüş, 2007-ci ildə Botanika İnstitutunun 70 illik yubileyi ilə əlaqədar AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub. Beynəlxalq Bioqrafiya Mərkəzinin İngiltərədə nəşr olunmuş "2000-ci ilin intellektual qadınları" kitabına və Azərbaycan Qadını Ensiklopediyasına (2002-ci il) onun haqqında məlumatlar daxil edilib.