Gündəm / Siyasət

Rusiyanın Zəngəzurla bağlı tələbi: Nəzarət bu ölkədə olacaq... - Şərtlər açıqlandı

Rusiyanın Zəngəzurla bağlı tələbi: Nəzarət bu ölkədə olacaq... - Şərtlər açıqlandı

Kanal14.az: - Elə bir vəziyyət yaranıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ən çox danışan və təşəbbüs göstərən Rusiya oldu. Azərbaycan sözsüz ki, dəhlizin açılmasını istəyir. Moskvanın isə burada daha çox fəallığı göz önündədir. Ölkəmizin dəhlizlə bağlı mövqeyi açıqlanıb. Sadəcə olaraq dəhlizə nəzarət məsələsi indi daha aktualdır.

Bunu Teleqraf.com-a Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət məsələsində israrlıdır:

"Moskva bunu Qərbin təzyiqi ilə Ermənistanın istənilən vaxt dəhlizi bağlamaq riski ilə izah edir. Çünki ehtimallar var ki, erməni tərəfi Qərbdəki dostlarının istəyi ilə burada hər hansı inzibatı təsir, süründürməçilik kimi hala əl atsın. Rusiya isə dəhlizlə bağlı 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya (Azərbaycan-Rusiya və Errmənistan arasında imzalanmış bəyanat) istinad edir. Çünki bu razılaşmada açıq şəkildə göstərilir ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət edəcək”.

Partiya sədri hesab edir ki, dəhlizə nəzarətlə bağlı Rusiya təsir imkanlarını daha da genişləndirə bilər:

"Moskva Zəngəzur dəhlizinin öz nəzarəti ilə açılmasını istəyir. Rusiya bununla bölgədə qalmaq, özünün iqtisadi-siyasi və geopolitik maraqlarını dəhliz üzərindən həyata keçirmək niyyətindədir”.

Razi Nurullayevin fikrincə, Rusiyanın az qala dünya ölkələri ilə sərhədlərinin bağlı olması fonunda Zəngəzur dəhlizi vacib çıxış imkanıdır:

"Ruisya bununla Türkiyə üzərindən Asiyaya çıxış imkanı qazanmağı planlaşdırır. Eyni zamanda Azərbaycanın Qərb rayonları ilə Mehridən keçməklə, yəni Zəngəzur dəhlizi ilə Naxçıvan və Türkiyəyə quru yolun açılması mümkün olur. İran üzərindən yolun açılması da Zəngəzur dəhlizinin mahiyyətini azaltmır. Rusiya da bu yolun açılmasında maraqlıdır. Görünən odur ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməyəcək”.