Gündəm / Siyasət

Ermənistan daha bir razılaşmanı sabotaj edib pozmağa çalışır - NƏ ETMƏLİ?

Ermənistan daha bir razılaşmanı sabotaj edib pozmağa çalışır - NƏ ETMƏLİ?

 

Kanal14.az: - "Ermənistan əlindən gələni edəcək ki, mövcud Laçın dəhlizi dəyişməz qalsın”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan iki gün öncə parlamentin iclasında deputatlardan birinin Laçın dəhlizinin marşrutunun dəyişməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, "bu mövzuda Qarabağ ”hakimiyyəti" və Rusiya sülhməramlı korpusunun komandanlığı ilə işçi müzakirələr aparılıb və sonra Ermənistan nümayəndələri də onlara qoşulacaq".

Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində deyilir: "Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək”.

Paşinyanın sözündən isə belə çıxır ki, onları Laçın şəhərinin içərisindən keçən indiki dəhliz tam qane edir və təzəsinə ehtiyac yoxdur. Ən azı yeni yolun açılmasına mane olacaqlar. Yəni üçtərəfli bəyanatın daha bir bəndini sabotaj eləmək hədəfi güdülür.

Bəs Nikol Paşinyan niyə belə əminliklə danışır, olmaya Moskvadan vəd alıb? Bir də ki, Laçın şəhərindən yan keçəcək yeni dəhliz ümumiyyətlə açılmaya bilərmi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Yeni Müsavat”a şərhində bildirdi ki, ikinci Qarabağ müharibəsində darmadağın edilən, hələ də özünə gələ bilməyən Ermənistan nəyi isə əldə saxlamağa, Rusiyanın yaratdığı imkanlardan maksimum istifadə etməyə çalışır: "İrəvan Laçın dəhlizi ilə bağlı da müəyyən boşluqlardan istifadə etmək istəyir. 10 noyabr üçtərəfli bəyanatında Laçın dəhlizinə paralel yeni yolun 3 il ərzində çəkilməsi nəzərdə tutulur. Bu yeni yolun marşrutu məlum deyil. Ermənistan parlamentində Paşinyanın iştirakı ilə son müzakirələr zamanı da erməni tərəfinin narahatlıqları dilə gətirildi, onlar üçün vacib olan bəzi yaşayış məntəqələrinin yoldan kənarda qalacağından əndişələri məlum oldu. Bu yolla bağlı Azərbaycanın mövqeyi hələ bəlli deyil. Yolun çəkiləcəyi də hələ sual altındadır. Böyük ehtimalla heç bir yol çəkilməyəcək. Azərbaycan Laçın dəhlizi deyilən ərazini tam nəzarətə götürməli, orada dövlət keçid-buraxılış məntəqəsi yaratmalıdır. Ermənilər üçün xüsusi bir şərait yaratmağa ehtiyac yoxdur. Azərbaycanın erməni əsilli vətəndaşları digər vətəndaşlar kimi ümumi qaydalara əməl etməklə gedib-gələ bilərlər. Bu ərazi hazırda rus sülhməramlılarının nəzarəti altındadır. Onlar isə özlərini çox pis aparır, üçtərəfli razılaşmalara əməl etmir, müvəqqəti nəzarət etdikləri ərazilərdə açıq şəkildə erməniləşdirmə siyasəti yeridir, hətta yer adlarını ermənilərin istəklərinə uyğun dəyişir, qanunsuz olaraq nəzarət dairələrini genişləndirirlər. Bu şəraitdə rus sülhməramlıları özlərini qanundan kənar qoyur, onların dərhal regiondan çıxarılmasını qaçılmaz edirlər. Biz öhdəliklərimizi yerinə yetiririk, ruslar və ermənilər isə bütün sahələrdə, o cümlədən Laçın dəhlizi ilə bağlı razılaşmadan kənara çıxırlar”.

Akif Nağının sözlərinə görə, əldə olunan faktlar göstərir ki, Azərbaycan dərhal Rusiyanın sülhməramlılarından imtina edə bilər, artıq bunun üçün ciddi arqumentlərə malikik: "Rəsmi Bakı tezliklə bu addımı atmalıdır. Ondan sonra Laçın dəhlizi ilə bağlı müzakirələrə ehtiyac da qalmayacaq”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyan vaxtaşırı sürüşkən bəyanatları ilə gündəmə gəlir və onun bu kimi bəyanatları ilk növbədə öz əleyhinə işləyir: "Baş nazir Nikol Paşinyanın 10 noyabr razılaşmalarının bir neçə bəndini yerinə yetirməməyi məlumdur və Rusiya da burada əsas vasitəçidir. Bəyannamənin 6-cı bəndinə gəldikdə isə, əslində digər bəndlər də Ermənistan tərəfindən yerinə yetirilmir. Pşainyanın dəhlizlə bağlı məsələni bu şəkildə qabartması artıq 10 noyabr razılaşmanın pozulması deməkdir və Azərbaycan da haqlı olaraq öz postunu Laçın dəhlizində qoyacaq. Göründüyü kimi, proseslər ona doğru addımlayır. Qeyd edim ki, Ermənistanın artıq Rusiya hərbçilərinin müvəqqəti yerləşdikləri ərazilərdə heç bir siyasi-hərbi mövqeyi yoxdur. Nikol Paşinyanın Laçın dəhlizi ilə bağlı qeyd etdikləri Rusiyanın mesajıdır. Çünki Rusiya Laçında Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimindən narahatdır. Ümumiyyətlə, Azərbaycan 3 il sonra Laçın şəhərini nəzarətə alacaq. Buna nə Rusiya, nə də hər hansı başqa dövlət mane ola bilməyəcək. Laçını nəzarətə alqdıqdan sonra şəhərin mərkəzindən keçən dəhliz də tam nəzarətimizə keçəcək. Əgər. Rusiya 10 noyabr razılaşmalarını Ermənistanın dili ilə pozmaq istəyirsə, onda ilk növbədə Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizi də daxil Azərbaycan ərazilərindən çıxmalıdır. Biz onda Rusiya hərbçilərinin tam çıxarılmasını tələb edəcəyik və silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirəcəyik. Dəhlizi də nəzarətimizə alacağıq. Paşinyan Moskvanın təlimatı ilə danışır. Bu cür danışıq dolayısı ilə Azərbaycanın maraqlarına cavab verir”.
"Yeni Müsavat”