Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini aşağı salacaq? - AÇIQLAMA

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini aşağı salacaq? - AÇIQLAMA

"Mərkəzi Bank bu gün uçot dərəcəsinin 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddinin 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 10%-dən 9.5%-ə endirilməsi barədə qərar qəbul edib. 2020-ci ilin dekabr ayından bəri ilk dəfə Mərkəzi Bank uçot dərəcəsini azaldıb".

"Kanal14.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, uçot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gəlir: "Ötən illə müqayisədə inflyasiyanın nisbətən səngiməsi və hədəflərin yeniləşməsi, eyni zamanda valyuta bazarındakı dəyişikliklər Mərkəzi Banka uçot dərəcəsini azaltmağa imkan verib. Bu o deməkdir ki, Mərkəzi Bank birrəqəmli və aşağı inflyasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəyə dəyişiklik edib. Eyni zamanda, Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə rıçaqlar deməkdir".

Uçot dərəcəsinin azalmasının kredit faizlərinə təsirlərinə gəlincə, deputat bildirib ki, bu sahədə sistemli tədbirlərin davam etdirilməsi vacibdir:

"Doğrudur, birrəqəmli inflyasiyanın əldə ediləcəyi və real sektor tələbinin stabilləşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər. Bununla yanaşı, hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Bu baxımdan, uçot dərəcəsinin azaldılması kredit dərəcələrinə daha çox psixoloji təsir edir. Eyni zamanda, güman olunur ki, bu addım depozit faizlərinə təsir göstərəcək. Mərkəzi Bankın uçot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərinin azalması müşahidə oluna bilər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin, depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusən 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlarla yanaşı uçot dərəcəsinin azaldılmasının manatla yığımlara təsir göstərəcəyi istisna deyil".