Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Manat üçün ucuz dövr başlayır? - BÖHRAN QAPIDA

Manat üçün ucuz dövr başlayır? - BÖHRAN QAPIDA

Kanal14.az: - ABŞ-ın Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) hakimiyyət orqanları ölkədə inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasını qeydə alana qədər uçot dərəcəsini artırmağa davam etmək niyyətindədir.

Bu barədə FED-in açıq bazar üzrə rəhbər komitəsinin iyulun 26-27-də keçirilən iclası ilə bağlı açıqlanan məlumatda yer alıb:

"İnflyasiya komitənin hədəfindən xeyli yüksək olaraq qaldığı üçün (2% - Red), iclas iştirakçıları belə qənaətə gəliblər ki, faiz dərəcəsini artırmaqda davam etmək lazımdır”.

Sentyabrın 20-21-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin hansı səviyyəyə qaldırılacağı sənəddə deyilmir. Analitiklər uçot dərəcəsinin 0,5 faiz artacağını gözləyirlər. FED rəhbərliyi bildirib ki, hazırda uçot dərəcəsi "neytral səviyyədə”dir ki, bu da ölkədə iqtisadi fəallığı məhdudlaşdırmır.

Protokollarda vurğulanır ki, maliyyə tənzimləyicisi öz hərəkətlərinin inflyasiyaya təsirini müəyyən edərsə, uçot dərəcəsinin daim artırılmasını dayandırmağa hazırdır:

"İclas iştirakçıları təklif etdilər ki, pul siyasəti daha da sərtləşdikcə, məcmu siyasətə düzəlişlərin iqtisadi aktivliyə və inflyasiyaya təsirini qiymətləndirərkən müəyyən məqamlarda faiz artımının sürətini azaltmaq məqsədəuyğun ola bilər”.

Bundan əvvəl ABŞ Əmək Nazirliyi ölkədə istehlak qiymətlərinin iyul ayında illik ifadədə 8,5% artdığını bildirmişdi. FED inflyasiya ilə mübarizə məqsədilə iyul ayında ardıcıl ikinci dəfə uçot dərəcəsini artırdı. Qeyd edək ki, FED-in uçot dərəcəsi ilə bağlı dəyişikliyi ölkələrin milli valyutalarına təsirsiz ötüşmür. Növbəti dəyişikliklə milli valyutaları, o cümlədən Azərbaycan manatını nə gözləyir?

İqtisadçı-ekspert Əkrəm Həsənov "Cümhuriyət”ə bildirib ki, FED tərəfindən inflyasiya ilə bağlı uçot dərəcəsinin artırılması tam gözlənilədir:

"Ancaq paralel olaraq neftin də qiyməti kifayət qədər yüksəkdir. Son dövrlər neftin qiyməti bir qədər düşüb. Bununla yanaşı, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz neftə, qaza görə dollarladır, dollar isə dünyada bahalaşacaq, bunun manata təsiri yoxdur. Bu baxımdan manatın məzənnəsində ən azı bu ilin sonuna kimi heç bir dəyişiklik ola bilməz”.

Ekspert bildirib ki, bu gün ölkəmizin valyuta ehtiyatları kifayət qədər çoxdur:

"Neftin qiymətinin artmasına görə valyuta ehtiyatlarımız xeyli artıb. Bu baxımdan qarşıdakı dövrdə manat üçün təhlükə yoxdur”.