Gündəm / Cəmiyyət / Sosial / Təhsil

Cinsi istismara görə məhkum olunanlar pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək

Cinsi istismara görə məhkum olunanlar pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

"Kanal14.az" xəbər verir ki, iclasda "Polis haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılıb.

Qanun layihələri ilə bağlı məlumat verən komitə sədri təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib.

O, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil olan "Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində "və ya” sözlərindən sonra "cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.