Gündəm / Cəmiyyət / Təhsil

Təhsil idarələri təhsil işçilərinə qənim kəsilib - ŞİKAYƏT // FOTO

Təhsil idarələri təhsil işçilərinə qənim kəsilib - ŞİKAYƏT // FOTO

Vətəndaşlar arasında dövlətdən, dövlət qurumlarından narazı olanların gündən-günə, ildən-ilə artmasının əsas səbəbi vətəndaşın hər hansı bir dövlət qulluqçusu, məmur barəsində aidiyyatı quruma, yaxud hər hansı qurum barəsində üst quruma olan şikayətlərinə qurumların, qurum rəhbərlərinin laqeydlikləridir.

Məsələn, elə dəfələrlə "DogruXeber.az" olaraq, biz özümüz vətəndaş müraciəti ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciətlər, sorğular ünvanlamışıq, onlar da bizə cavab vermədən, işi aidiyyatı üzrə rayon prokurorluğuna göndəriblər, rayon prokurorluqları da məsələni "sülhə bağlayıb", öz aralarında "həll ediblər", vəssalam...

Halbuki, vətəndaşı mətbuata müraciət etməyə vadar edən məhz yerli qurumların biganəliyi, yaxud hansısa yollarla məsələni ört-basdır etməsidir.
Yəni, əksər övlət qurumları arasında vətəndaşların şikayət və müraciətləri "Bumeranq" olduğu üçün, xalq arasında narazılıqlar getdikcə böyüməkdədir.

Bəli, biz prokurorluqdan misal gətirdik, amma əksər dövlət qurumlarında da eyni proseslərin aparıldığını vurğuladıq.

"DogruXeber.az" bildirir ki, Facebook sosial şəbəkəsində "Təhsil şikayətləri və təklifləri" qrupunda "Elm və təhsil forumu " adlı istifadəçi yazır:

"Xahiş edirəm, bircə dəfə də olsa, sizə edilən müraciəti özünüz araşdırın. Hansısa bir saxtakar quruma (Dağlıq Şirvan Regional Təhsil İdarəsinə) araşdırılmaq üçün göndərməyin.

Gənc bir müəllimə 2017-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsindən keçərək, Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinə daimi əsaslı fizika müəllimi təyin edilmişdi.
Lakin işlədiyi bir-iki il müddətində bu məktəbin keçmiş təşkilatçı müavini, hazırda isə direktor səlahiyyətlərini icra edən Gülmirə Radik qızı Əlsöhbətova tərəfindən insanlığa yaraşmayan təqiblərə və təzyiqlərə məruz qalırdı. Çünki Gülmirə Əlsöhbətova özü də fizika ixtisaslı idi, məqsədi həmin gənc müəlliməni bezikdirib özxoşuna qaçırtmaq, ona məxsus olan 12 saat dərsi öz əlinə keçirmək idi. Məktəbin bütün şagirdləri dilləri ilə etiraf edirdilər ki, o dərs yox idi ki, həmin gənc müəllimə o dərsdə ağlamasın. Gah geyimini, gah dərs keçmək metodunu, gah da başqa şeyləri bəhanə gətirib hər dərs sinifdə, şagirdlərin gözü qarşısında uca səslə üstünə qışqırır, kobud şəkildə danlayırdı. Hələ bütün bunlar azmış kimi, Gülmirə Əlsöhbətova özünə yaxın olan valideyinlərin vasitəsilə Təhsil Nazirliyinə həmin müəllimənin şagirdlərin tərbiyəsini pozması ilə bağlı bir neçə anonim şikayət də göndərmişdi.

Bütün bunlardan usanan həmin gənc müəllimə iki il müddətində bu məktəbdə işlədikdən sonra məktəbini digər (daha uzaq məsafəli) məktəbə dəyişməli oldu. O gedəndən sonra keçən tam üç il müddətində hətta, müqavilə ilə olsa belə bu məktəbə yeni fizika ixtisaslı müəllim göndərilmədi.

Hazırda isə onun dərs saatlarını əlinə keçirən Gülmirə Əlsöhbətovanın hər günü ya məktəbdə saxta tədbirlər altında fotosessiyalar etməklə, şəkil çəkdirməklə ya da ki, sosial şəbəkələrdə müxtəlif adlar altında saxta profil açıb özü-özünü tərifləməklə ya da kimlərisə təhqir etməklə, hədə-qorxu gəlməklə keçir. Bəyəm onun dərs keçməyə vaxtı var ki ? Dərsləri isə ya texniki işçilər əvəz edir, ya da şagirdlər həmin dərslərdə fiziki tərbiyə zalında oyun oynamaqla məşğuldur.

Sizdən xahiş edirik ! Bu məktəbə cəsarətli bir fizika müəllimi göndərin. Bütün məktəblərdə belə saxtakar və psixi sağlamlığı yerində olmayan bəzi direktorlar tərəfindən gənc müəllimlərə qarşı edilən bullinqlərə bir dəfəlik son qoyun !"

Təhsil idarələri təhsil işçilərinə qənim kəsilib - ŞİKAYƏT // FOTO


Görünür, özü də təhsil işçisi olan bu şəxsin çox müraciətləri Elm və Təhsil Nazirliyinin və digər dövlət qurumlarının "divarına dəyib, özünə qayıdıb" ki, bu gün sosial şəbəkədə paylaşdığı giley dolu müraciətinə belə etirazla başlayıb.

Qeyd: "DogruXeber.az" olaraq, İstifadəçinin iddiaları ilə bağlı adı çəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az