Gündəm / Siyasət

Biz bu tarixi bir dəfə yaşamışıq... - Aqşn Yenisey yazır...

Biz bu tarixi bir dəfə yaşamışıq... - Aqşn Yenisey yazır...

Kanal14.az: - Erməni separatçılarının həbsi, əlbəttə ki, Azərbaycan üçün qələbənin qələbəsidir. Hərbi gücün və diplomatik oyunun ustalıqla idarə olunmasının uğurudur.

Amma bu işin bir də beynəlxalq fonu var. Mənə elə gəlir ki, bu gün Ermənistan böyük güclərin oyununda 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin düşdüyü oxşar vəziyyətlə üzləşib.

Rusiya, Türkiyə və İranın, nəhayət, üst-üstə düşməyə məcbur olan ortaq maraqlarının hədəfinə çevrilib. Bu üç tarixi gücün başının üzərindən Qərblə him-cimləşmənin bədəlini ödəyir.

Bu gün Fransanı Ermənistanın yanında olduğu üçün söyürük. Amma unutmayaq ki, həmin Fransa 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yanında idi. Hətta o qədər yanında idi ki, ADR-in 500 manatlıq əskinazının üstündə respublikanın adı ən başda fransızca yazılmışdı.
Yaxud həmin dövrdə hətta ordusu ilə də Azərbaycana dəstək olan Türkiyə sonda bölgədəki ortaq maraqlar xatirinə geri çəkildiyi kimi, bu gün Ermənistan üçün Türkiyə rolunu oynamaq istəyən İran da bir anda "yoxa çıxdı".

Tarixçilər daha dəqiq paralellər apara bilərlər. Bizim öhdəmizə düşən; dövlət olaraq vəziyyətdən var gücümüzlə yararlanmaq, millət olaraq tarixdən dərs çıxarmaqdır.
Sənətdə, elmdə, fəlsəfədə, bəlkə də, zamanı qabaqlamaq mümkündür, amma tarixdə buna cəhd etmək belə təhlükəlidir.//DİA.AZ