Gündəm / Siyasət

“İranın Ermənistan üçün döyüşüb-döyüşməyəcəyi böyük bir sualdır” - Trofimçuk


"Qarabağ bütün beynəlxalq sənədlərə görə Azərbaycana məxsus torpaqdır”.

"Kanal14.az" Konkret.az-a istinadən xəbər verir ki, bu sözləri emrəni mediasına müsahibəsində beynəlxalq ekspert Qriqori Trofimçuk bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları əllərindən gələni etdilər. Prinsipcə, ruslar Azərbaycan Ordusu ilə döyüşə bilməzdilər. Ancaq indi resurslar sürətlə tükənir, ölümcül 2023 qapıdadır. Hamıya aydındır ki, indi hər şey olmasa da, çox şey Ukrayna hadisələrinin gedişatından və nəticəsindən asılıdır”.

Ekspert vurğulayıb ki, Azərbaycan çox ağıllı və ehtiyatlı davranır.

O daha sonra deyib: "Sülhməramlılar mövzusuna gəlincə, Nikol Paşinyan artıq bura bir az fərqli kontingenti gətirib. Amma hələlik o özü də bu mənada öz kölgəsindən qorxur. Sərhəd xəttində dayanan Avropa İttifaqının sıravi müşahidəçilərini prosesə cəlb etmək üçün qorxaq, yumşaq cəhd baş nazirin indiyədək qərar verdiyi yeganə şeydir. Azərbaycan bu qərarsızlığı, İrəvanın təlaşını mükəmməl oxuyur, bu da Bakıya getdikcə daha sərt davranmağa əsas verir.

Bununla belə, ABŞ bölgədəki problemi öz mülahizəsinə uyğun həll etməyə çalışacaq. Hindistan nəsə etməyə çalışır, lakin hələlik sistemsiz və xaotik görünür”.

Qriqori Trofimçuk vurğulayıb ki, "Azərbaycan artıq heç bir "status”la razılaşmayacaq, qatar, necə deyərlər, getdi. O, İsrail də daxil olmaqla ciddi beynəlxalq dəstək qrupu yaradıb. Eyni zamanda qeyd etmək lazımdır ki, bu şərti qrupa sivil ölkələr daxildir.

Bundan əlavə, Moskva artıq Azərbaycan üzərindən heç bir yeni "status” həyata keçirə bilməyəcək. Ermənistan İranın ən yaxın müttəfiqi hesab olunur, ona görə də ABŞ-ın problemi İran problemləri ilə paket şəklində həll etməsi faydalı ola bilər. İranın Ermənistan üçün döyüşüb-döyüşməyəcəyi böyük bir sualdır və ona "hə” cavabından daha çox "yox” cavabı verilə bilər. Digər mühüm sual isə ermənilərin özünün reallıqda döyüşməyə hazır olub-olmamasıdır. Hələlik aydındır ki, yox, hazır deyillər. Bu da öz fəaliyyətinə və düzgünlüyünə arxayın olan Azərbaycan üçün üstün amildir”.

Rusiyalı ekspert Türkiyənin regiondakı fəallığını da şərh edib:

"Türkiyə balanslaşdırılmış siyasət aparır ki, bu da təbii ki, çoxlarının xoşuna gəlmir. Rəsmi Ankara Yalnız İsraillə deyil, Suriya, Səudiyyə Ərəbistanı və s. ilə hamı ilə ortaq dil tapıb. Tehranla Ankara da bərabər ton saxlamağa çalışır.

Türkiyə NATO-nun üzvüdür və bu, hər şeyi deyir. Rusiya Federasiyası ilə Türkiyə arasında da kifayət qədər mürəkkəb münasibətlər var. Ehtimal olunur ki, Ərdoğan Moskva üçün ən narahat həmsöhbətdir və bu nəzərə çarpır. Buna görə də Ərdoğan Türkiyənin Avrasiya xəritəsində mərkəzi yer tutmasının bütün üstünlüklərindən yararlanır. Məsələnin dini tərəfi o qədər də böyük rol oynamır (məsələn, Rusiya Federasiyası ilə Ukrayna arasındakı münasibətlərə baxın). Rusiya onlara kifayət qədər aydın baxan SSRİ-dən fərqli olaraq bu məsələlərdə bir az çaşqındır. Bəlkə də buna görə çoxlu əlavə problemlərlə üzləşib. Rusiya hamı ilə dost olmağa çalışır: Ermənistan, Azərbaycan, İran, Türkiyə, İraq və s.

Amma siyasətdə belə olmur. Aydın strukturlaşdırılmış prioritetlər olmadan, çox şey itirilir”.