Gündəm / Siyasət

Azərbaycan hələ o vaxt da Fransaya ETİRAZ EDİRDİ... - Ekspert danışır

Azərbaycan hələ o vaxt da Fransaya ETİRAZ EDİRDİ... - Ekspert danışır

Kanal14.az: - "İndi vacib məsələ Avropa İttifaqının ATƏT-in Minsk qrupunu əvəzləməsidir. Fransa Minsk qrupuna Avropa İttifaqının təmsilçisi kimi seçilmişdi. O zaman Azərbaycan Fransanın Minsk qrupuna gəlməsinə etiraz edirdi. Hətta deyirdi ki, Minsk qrupunda başqa bir Avropa Birliyi ölkəsi təmsil olunsun. Almaniyanın, İngiltərənin adı çəkilirdi, Fransa arzu olunmurdu. Sonradan Fransa ilə Azərbaycan arasında danışıqlar aparıldı və Fransa Minsk qrupuna gəldi. Amma Fransa sonradan özünü elə aparırdı ki, sanki Avropa İttifaqının təmsilçisi deyil, ABŞ və Rusiya kimi bərabər üzvdür”.

Bunu Reyting.az-a professor Əli Abbasov ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, hətta bəzən Fransanın Minsk qrupunda fəaliyyəti xoşagəlməz olanda Azərbaycanda deyirdilər ki, Avropa Birliyi Fransanın yerinə başqa ölkədən nümayəndə göndərsin. "İndi gedən proseslər göstərir ki, faktiki olaraq Minsk qrupunu Avropa İttifaqı əvəz edir və normal vasitəçilik missiyası həyata keçirir”,- deyə Ə. Abbasov əlavə edib

Professor diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsindən sonra Fransa ilə Azərbaycan arasında münasibətlər normallaşıb və fransızların Qarabağda bərpa prosesində iştirak etmək istəyi yaxşı haldır.

Ə. Abbasovun fikrincə, proseslər Rusiya-Ukrayna müharibəsinin nəticələrinə gəlir:

"Bəli, hazırda nəinki biz, bütövlükdə dünyada əksər ölkələr məhz Rusiya- Ukrayna savaşının nəticələrinə baxır. Bu müharibənin nəticəsindən asılı olaraq işlər düzələ və ya daha da çətinləşə bilər”.

Ə. Abbasovun sözlərinə görə, Brüsseldə üçüncü görüş zamanı deyilirdi ki, növbəti görüşdə bir sıra məsələləri müzakirə edib format tapılmalıdır: "Əslində məsələlər müzakirə edilir, format da tapılır. Təəssüflər olsun ki, son nəticədə iş getmir, nəticə ortaya çıxmır.

Hazırda danışıqlar iki formatda - Avropa İttifaqı və Rusiya formatında gedir. Amma danışıqlar aparılsa da, heç bir formatda böyük irəliləyiş yoxdur. Danışmaq, razılaşmaq bir, razılığı həyata keçirmək ikinci məsələdir. Həm də Rusiyada bir addım atılır, sonra gözləyirlər. Eləcə də Avropa İttifaqında. Ona görə də, çoxları sentyabrı gözləyir. Deyilənə görə, məhz bu ayda Ukrayna savaşında nəsə baş verməli, Ukrayna irəli çıxmalıdır. Əgər bu baş verərsə, Rusiyada yeni siyasi proses başlaya bilər. Belə olduqda rus elitasının vaxtı olmayacaq ki, Azərbaycan, Moldova, Gürcüstan və ya Ermənistanla məşğul olsun. Bir növ 1990-cı illərin əvvəllərindəki kimi. Yəni ona oxşar vəziyyət yarana bilər. Məncə, hələlik indiki formatlarda danışıqlar və razılaşmalar mümkündür. Amma daha vacibi həmin razılaşmaların icrasıdır”.