Gündəm / Cəmiyyət

100 metr aralıda piyada keçidi var, amma özünü ölümə atır - Günah kimdədir? (AÇIQLAMA)

100 metr aralıda piyada keçidi var, amma özünü ölümə atır - Günah kimdədir? (AÇIQLAMA)

Ötən gün paytaxtın Ziya Bünyadov prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, prospektdə hərəkətdə olan avtomobil keçid üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Diqqət çəkən məqamlardan biri odur ki, hadisə baş verən yerdən təxminən 100 metr məsafədə yerüstü piyada keçidi var. Həmin piyada bir qədər məsafə qət edərək yolu keçmək əvəzinə həyatını təhlükəyə atmağı seçib və nəticədə həyatını itirib. 

Ümumiyyətlə, ölkəmizdə bu kimi hadisələrə tez-tez rast gəlinir. Adətən belə hallarda sürücülərin həbs cəzasına məhkum edildiyini görürük. Burada sürücüləri maraqlandıran əsas məqam ondan ibarətdir ki, sürət həddinin yüksək olduğu və keçid üçün nəzərdə tutulmayan yoldan keçən piyadanın vurulduğu halda məsuliyyəti kim daşıyır?

Məsələ ilə bağlı "Kanal14.az”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, piyadalar bəzən özlərini ölümə atırlar:

"Belə hallarda günah əlbəttə ki, piyadadadır, amma bu o demək deyil ki, sürücü məsuliyyətdən tam azaddır. Sürücü ən azından sürət həddini aşmamalı olduğu ilə bağlı məsuliyyəti özündə hiss etməlidir. Belə hadisələr baş verdiyi hallarda sürücünün də həyatı bərbad hala düşür, polisdə, məhkəmədə ittiham olunur. 

Piyada ən yaxşı halda şikəst qalır. Ən pis halda isə əlbəttə ki, həyatını itirir. Mənim fikrimcə, bu hadisələr intihara bərabər hal kimi götürülməlidir. Yəni, bu adam piyada üçün nəzərdə tutulmayan yerdən keçirsə, burada başqa kim məsuliyyət daşıya bilər?”, - deyə o qeyd edib.

Ekspert həmçinin xarici ölkələrdə belə hallar baş verdikdə hansı tədbirlərin görüldüyündən də danışıb:

"Hər ölkənin özünü milli qaydaları var. Misal üçün, qonşu ölkə Rusiyada piyada yolun keçid olmayan hissəsindən keçdiyi üçün həyatını itirirsə, günahkar kimi piyada göstərilir. Burada sürücü də yoxlanışdan keçirilir. Sürücü spirtli içki və yaxud narkotik vasitə qəbul etməyibsə, elə məhkəmə zalından birbaşa azadlığa buraxılır. Digər dünya ölkələrində isə, məsələn, ABŞ-nin 90 faiz ştatında belə hallarda sürücü məsuliyyətdən azad edilir. Piyadanın etdiyi isə intihara cəhd kimi qeyd olunur.

Düşünürəm ki, Azərbaycanda bu kimi hallara görə qanuna ciddi dəyişiklik etməyə ehtiyac yoxdur. Zənnimcə, sürücülərlə bağlı yox, piyadalarla bağlı bir sıra əlavələr etmək olar”.