Gündəm / İqtisadiyyat / Cəmiyyət

Milli Arxiv İdarəsinə ayrılan milyonlar hara gedir?

Milli Arxiv İdarəsinə ayrılan milyonlar hara gedir?

Kanal14.az": - Milli Arxiv İdarəsi rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, amma uzun müddətdir ki, bu sahəyə milyonlar ayrılır.
SİNAM Milli Arxivin rəqəmsallaşması üçün yenidən tenderin qalibi olub, 2 milyon manat alıb və artıq müqavilə imzalanıb.
Ötən il də bu şirkət eyni məqsəd üçün 0.5 milyon manat dövlət vəsaiti almışdı.

2021-ci ilin dekabrında isə SİNAM yenə həmin məqsəd üçün, rəqəmsallaşma və Elektron Arxiv Sisteminin yaradılması üçün 2 milyon manat almışdı.

Ümumiyyətlə isə, 2013-cü ildən etibarən Milli Arxiv İdarəsinin elektronlaşmasına yalnız SİNAM rəhbərlik edir, heç bir digər İT şirkət bura yaxın buraxılmır.

SİNAM arxiv sisteminin rəqəmsallaşması üçün toplam olaraq on milyonlarla dövlət vəsait alıb.
Nəticə varmı?

Real nəticələri indiyədək görməmişəm, rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, hər hansı təqdimatlar və hesabatlar olmayıb, heç bir dövlət və özəl qurum bu sistemə inteqrasiya olunmayıb. Vətəndaşlar üçün də rəqəmsal xidmətlərinin şahidi olmamışıq.

İndi görəsən eyni məzmunlu layihələrə yenidən ayrılan milyonlar üçün eGov sahəsində səlahiyyətli qurum olan RİNN, İRİA rəy veribmi?

Əvvəlki işlərin dəyərləndirməsi, monitorinqi olubmu?

Xatırlayıram ki, SİNAM uzun illər pensiya sahəsində, ƏƏMN sistemində də tenderləri udur, müxtəlif İT layihələr icra edirdi. Rəqəmsal həllərin isə çoxusu işləmirdi, problemlər çox olurdu. Qurum rəqəmsallaşa , inteqrasiya oluna bilmədi.

Nəticəsi isə ondan ibarət oldu ki, ƏƏMN sistemində yeni nazir gələndən sonra yenidən bu sahəyə dövlət vəsaitləri ayrıldı, SİNAM-ın qurduğu bütün köhnə İT layihələr, köhnə sistemlər isə "alt sistemlər" adı ilə yenidən quruldu.

Görəsən indi necə olacaq, arxiv rəqəmsallaşacaq, yoxsa burada da rəhbərlik dəyişəndə yenidən vəsaitlər ayrılmaqla hər şey başqa şirkətlə, başqa adla yenidən təkrarlanacaq?//Teref.az