Gündəm / Sosial

“Azərenerji”nin yığılmış zərəri 2,5 milyard manatı keçib


"Azərenerji” ASC 2019-cu ili 228,998 milyon manat zərərlə başa vurub.

"Report” xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 24,7% azdır.

Bununla belə, hesabat dövründə qurumun yığılmış zərəri 8,9% artaraq 2 541,548 milyon manata çatıb.

2019-cu ildə "Azərenerji”nin enerji satışından gəlirləri 1 105,679 milyon manat (2018-ci illə müqayisədə 5,8% çox), elektrik şəbəkəsinə qoşulma xidmətindən və digər satış gəlirləri 0,897 milyon manat (2,8 dəfə az), yanacaq xərcləri 519,353 milyon manat (0,2% çox), köhnəlmə və amortizasiya xərcləri 189,467 milyon manat (5,9% çox), heyətlə bağlı xərcləri 59,536 milyon manat (20,1% çox), təmir və texniki xidmət xərcləri 77,764 milyon manat (96,3% çox), xammal və materiallar üzrə xərcləri 10,106 milyon manat (7,8% çox), alınmış elektrik xərcləri 8,208 milyon manat (30,9% az), ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən gəlirləri 976 min manat (2018-ci ildə xərclər olub), maliyyə xərcləri 41,332 mln manat (2,1% az), xarici valyuta mübadiləsindən gəlirləri 3,229 milyon manat (4,4 dəfə az), kreditor borcların və kreditlərin silinməsindən gəlirləri 0,171 milyon manat (496,1 dəfə az), aktivlərin ləğv olunması ilə bağlı öhdəliklərdə dəyişiklikdən gəlirləri 31,361 milyon manat (2018-ci ildə olmayıb), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə itkisi 370,311 milyon manat (88,8% çox), digər xərcləri 24,284 milyon manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri 34,671 milyon manat (7,1 dəfə az), digər vergi ödəmələri isə 36,279 milyon manat (10,6% az) təşkil edib.

2020-ci il yanvarın 1-nə "Azərenerji”nin aktivləri 3 922,852 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,6% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7% artaraq 2 544,508 milyon manata, balans kapitalı isə 16,2% artaraq 1 378,344 milyon manata çatıb.

Xatırladaq ki, "Azərenerji" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 760,495 milyon manatdır. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.