Gündəm / İqtisadiyyat / Dünya / Video

"İcra hakimiyyəti döyüşdə medallar alan oğluma 170 manatlıq süpürgə təklif edir" - Cəlilabad sakini canlı yayımda etiraz edir // VİDEO


2020-ci ildə baş verən İkinci vətən müharibəsi vəzifəli şəxslərin böyük əksəriyyəti koryerası üçün "göydəndüşmə havayı reklam kompaniyası"na çevrildi. Xüsusilə də İcra başçıları üçün.

Müharibə bitdikdən sonra da təqribən bir il işləri-gücleri şəhid məzarları önündə fotosessiya edib, rəsmi səhifələrdə və "dost-tanış saytlarda" paylaşmaq oldu. Bunu görüb icra başçısının "humanist"liyinə aldanaraq, dərdini götürüb İcra Hakimiyyətinə üz tutan müharibə əlillərinin, veteranlarının qəbul edilməməsi, sözün əsl mənasında getdikləri yerdə ümumiyyətlə sayılmamaları isə həmin "humanist məmur" rolunu oynayan məmurların iç üzünü yenidən ortaya çıxardı.

Yeri gəlmişkən, 44 günlük müharibədən sonra "ön cəbhəyə dəstək" pozu verən məmurlardan biri də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov idi. Hansı ki, ağappaq köynəklə isti havada - nə tər, nə toz izi olmayan geyimdə fotoaparatlar qarşısında işlənmiş təkər şinlərini avtomobilə yükləmək pozu vermişdi və bu fotolar da bəzi saytlarda sərgilənmişdi.


O, Rafiq Cəlilov ki, onun da vəzifə yolları Əziz Əzizovun izindən keçir və Əziz Əzizovla ikisinin "bir mələyin qanadları altında qorunduğu deyilir". (Bu barədə ətraflı növbəti yazılarımızda).

Qeyd edək ki, hələ müharibə cəmi bir il idi bitmişdi ki, Cəlilabad sakini, qazi Fariz Ağayevin sosial şəbəkələrdə yayılan görüntülərdə göz yaşları və çarəsiz çırpıntıları bütün ölkənin diqqətini Cəlilabada çəkmişdi. "Reklam kompaniyaları" da məhz bundan sonra başladı.

Amma, necə deyərlər, "camaatgözünə"...

Cəlilabad rayon sakinləri var ki, müharibə iştirakçıları olublar - vətən üçün can qoyublar sözün əsl mənasında, amma bu gün də bəzi haqlarını ala bilmirlər.

Bu məlumatı dəqiqləşdirmək üçün dərin araşdırma aparmağa ehtiyac yoxdur, sosial media və sosial şəbəkələrdə bu kimi etiraz videoları, şikayətlər kifayət qədərdir.

Yeri gəlmişkən, Ötən gün Cəlilabad rayon Uzuntəpə kənd sakini Qənbərov Namiq Ərşad oğlu "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün efirində - "Kamalın zamanı" proqramında dərdini danışmaq istədiyini bildirdi.

Ötən gün yayımlanan proqramda Namiq Qəmbərovun agentliyimizə müraciətini təmin etdik.

Namiq Qəmbərov bildirir ki, özü 23 ildi yataq xəstəsidir. Vərəm və Asma-bronxit xəstəliyindən əziyyət çəkir. Uzun illərdir aldığı pensiyası da dayandırılıb. Dərmanlarını almaq imkanı yoxdur. Ona baxacaq yeganə oğlu - ikinci vətən müharibəsi iştirakçısı isə işsizdir.

Bildirir ki, oğlunun işsizliyi ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinə müraciət ediblər.

Bir neçə gün əvvəl İcra başçısının müavini Nazim Şükürov onları oğlunu işlə təmin edəcəklərini bildirirərək, İcra Hakimiyyətinə çağırıb.

Ora getdiklərində isə onlara 170 (yüz yetmiş) manat maaş qarşılığında "süpürgəçi" işi təklif olunub.

Namiq Qəmbərov bildirir ki, "Mənim oğlum ailəni dolandıracaq yeganə şəxsdir ailəmizdə, müharibədə yaralanıb, göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən medallara layiq görülüb, amma bu gün Rafiq Cəlilov mənim oğlumu 170 manatlıq süpürgəyə layiq görür. Özü də rayon mərkəzində. 170 manat heç onun yol pulu da deyil".

Qeyd edək ki, Namiq Qəmbərov deyəcək sözlərinin çoxluğuna görə və efir vaxtına sığmadığına görə, bu gün yenidən yayıma bağlanılmasını xahiş edib.

Odur ki, bu axşam saat 20:00-da Namiq Qəmbərov "Kanal14"ün efirində canlı yayımda yenidən "Kanalın zamanı" proqramında olacaq və onda narazılıq yaradan səbəblər barəsində daha ətraflı məlumat növbəti həftə "DogruXeber.az" informasiya portalında dərc olunacaq.



Namiq Qəmbərovun iddialarında adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az