Gündəm / Sosial

Qaradağ RİH-də şəhid ailələri ilə görüş keçirilib

Qaradağ RİH-də şəhid ailələri ilə görüş keçirilib
DİA.AZ: - Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov şəhid ailələri ilə Rayon İcra Hakimiyyətində görüş keçirib.

DİA.AZ xəbər verir ki, görüş iştirakçılarını salamlayan icra başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır".

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən başçı onlara başsağlığı verib, səbir diləyib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir.

Görüşdə iştirak edən şəhidlərin valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Süleyman Mikayılov şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri dinləyib. Səslənən müraciətlər arasında bir neçə şəhid yaxınının işlə təminatı, müalicəsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb.

İcra başçısı tərəfindən şəhid ailələri ilə görüşlər davam etdiriləcək.

Qeyd edək ki, Qaradağ Rayon Hakimiyyəti rəhbərliyi tərəfindən yanvar ayında şəhid ailələri evlərində ziyarət edilib, onlara yardım göstərilib.