Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Bakıda “qara bazar”da dollar şəbəkəsi - NƏ ETMƏLİ?

Bakıda

Rəsmi rəqəmlərə görə, son zamanlar dollara tələbat azalıb.

Kanal14.az: - Adəti üzrə isə yay aylarında xaricə gedənlərin sayı artığı üçün dollara tələbat əvvəlki dövrlərə nisbətən artmalı idi. Amma rəsmi rəqəmlər bunun əksini deyir.

Hətta ötən dövrlə müqayisədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında da tələbat aşağı düşüb. Tələbatın aşağı düşməsi isə fərqli səbəblərlə izah olunur. Quru yolların bağlı olması, valyuta depozitlərinə aşağı faizin verilməsi, daxili bazarda manat dövriyyəsinin daha sərfəli olması kimi səbəblərlə dollara tələbatın azaldığı izah olunur. Qeyd edək ki, dollar-manat münasibəti isə sabitdir. Artıq uzun müddətdir ki, manatın dollar qarşısındakı məzənnəsi sabit (1 dollar 1.70 manat) olaraq qalır. Onu da əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı dollara münasibətdə manatın məzənnəsini inzibati qaydada təyin edir.

Bəs insanlar niyə dollar almır? Pul yoxdur, yoxsa manata etibar artıb?

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyə”-ə açıqlamasında deyib ki, dollara tələbat azalmayıb, sadəcə böyük məbləğlər qeyri-rəsmi formada təmin olunur:

"Burada çox sadə bir düstur var. Məsələn, bir nəfərə 50 min dollar pul lazımdır. Banka müraciət edəndə cavab belə olur ki, limit 10 min dollardır. Demək, rəsmi yolla bunu etmək mümkün olmur və qeyri-rəsmi yola üz tuturlar. Beləliklə də, lazım olan məbləği əldə etmək üçün "qara bazar”ın imkanlarından istifadə olunur. Bu gün elə şəbəkə formalaşıb ki, banklara, valyuta mübadilə məntəqələrinə müraciət etmədən valyuta alqı-satqısı prosesi aparırlar”.

Qeyd edək ki, Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. Limiti aşan vətəndaşlara 1 il (12 ay) ərzində banklar tərəfindən xarici valyuta satışı həyata keçirilmir. Limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanır. Limit isə yalnız Azərbaycan Mərkəzi Bankı tərəfindən sıfırlanır.

F.İbrahimov əlavə edib ki, ölkədə dollara tələbat hər zaman eyni səviyyədə olub:

"Bizim idxal amilindən asılılığımız var. Bu idxal prosesi isə davam edir. Xaricə gedənlər yenə gedir, təhsil alanlar yenə alır, bütün bu proseslər gedir. Həyat dayanmayıb ki, dollara tələbat azalsın. Əksinə, günü-gündən tələbat artır, çünki interasiya prosesi çoxalır, bizneslər böyüyür. Sadəcə proses böyük ölçüdə qeyri-rəsmi qaydada aparılır deyə, şəffaf rəqəmi görə bilmirik. Dollar alışı gedir, sadəcə proses "qara bazar” üzərindən gedir deyə, rəsmi statistikaya düşmür”.

Sonda onu bildirək ki, Mərkəzi Bankın keçirdiyi son valyuta hərracında (8 avqust 2023-cü il) bankların ümumi tələbi 4 milyon dollar olub. Ötən ilin eyni dövründə (4 avqust 2022-ci il) keçirilən hərracda isə bankların dollar tələbi 38.3 milyon dollar olub. Göründüyü kimi, ötən illə müqayisədə 10 dəfəyə qədər fərq var ki, bu da ciddi azalma deməkdir.