Gündəm / Cəmiyyət

Əhməd İsmayılov kimlərinsə siyahısı əsasında reyestrə baxır? - MƏHKƏMƏ

Əhməd İsmayılov kimlərinsə siyahısı əsasında reyestrə baxır - MƏHKƏMƏ

Xəbər verdiyimiz kimi, yeni yaradılmış Media İnkişaf Agentliyinin (MİA) portalımızın reyestrdən keçirilməsi barəsində müraciətinə verdiyi haqsız imtina cavabına görə, "DogruXeber.az" informasiya portalının rəhbəri olaraq, mən Kamal Əsgərov məhkəmə iddiası irəli sürmüşəm.

Medianın "inkişafı əleyhinə" agentlik kimə və hansı maraqlara xidmət göstərir?

Əhməd İsmayılov məhkəmədə müstəqil media nümayəndələri ilə üz-üzə gəlməkdən çəkinir? - MƏHKƏMƏDƏN TƏFƏRRÜATLAR

Məhkəməyə qədərki prosesi xatırlatmaq üçün qısaca olaraq, bildirirəm ki, MİA tərəfindən ilk dəfə "DogruXeber.az" informasiya portalının online sorğusuna imtina cavabı veriləndə, səbəbini araşdırmaq üçün şəxsən Əhməd İsmayılov ilə görüşmək istədim. Lakin, "əlahəzrət" Əhməd bəylə görüşmək sən demə ölkə başçısı ilə görüşməkdən daha çətin imiş. Nə az, nə çox... düz iki gün "ülyahəzrət"lə görüşmək cəhdlərim uğursuz oldu. İki gün sonra mən nəhayət ki, Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ilə görüşməli oldum. Onunla ilk söhbətimiz çox qənaətbəxş, müsbət fonda oldu.

Məsələni diqqətinə çatdırdıqdan sonra Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli ilə birlikdə səbəbi araşdırdı və bildirdi ki, dərc etdiyimiz xarici xəbərlər üçün mütləq mənbə qeyd etməliyik. Hətta, "bu səbəbi də aradan qaldırmaqla, operativ fəaliyyətinizə davam edin, biz sizi qəbul edərik", deyə ümid də verdi.

Odur ki, elə həmin gündən etibarən bizə imtina üçün göstərilən yeganə səbəbi də aradan qaldırıb, fəaliyyətimizə davam etdik. Bir ayın tamamında təkrar online sorğu göndərdik. Amma, təəssüflər olsun ki, bu dəfə də imtina cavabı aldıq.

Bu dəfəki imtinanın səbəbini öyrənmək üçün isə mənə yalançı vəd verən Natiq Məmmədli ilə yenidən görüşməyə çalışdım. Bu cəhdlərim də düz bir həftə sürdü.

Amma, Natiq Məmmədli sözün əsl mənasında qarşımdan qaçdı və heç bir halda mənimlə görüşmədi. Qurumun işçiləri hər dəfə müxtəlif bəhanələr əsas gətirərək, Natiq Məmmədlinin idarədə olmadığını dedilər.

Belə olan halda, özüm Cəbrayıl rayon sakini olduğum üçün ömrümdə ilk dəfə üz tutdum mənim rayonumu Milli Məclisdə təmsil edən (daha doğrusu etməli olan) Ceyhun Məmmədova.

Ceyhun Məmmədovla danışıb, MİA tərəfindən mənə qarşı edilən haqsızlığın aradan qaldırılmasında, hüququmun təmin edilməsində kömək istədim.

Sağolsun, Ceyhun müəllim bu barədə MİA-nin rəhbəri Əhməd İsmayılov ilə danışıb, əlindən gələn köməkliyi göstərəcəyinə söz verdi.

Aradan iki gün keçdikdən sonra Ceyhun müəllimdən xəbər çıxmadığını görüb, yenidən zəng etdim. Bildirdi ki, bir dəfə zəng edib, Əhməd İsmayılov telefona cavab verməyib, ona görə hələ danışmayıb, bir də zəng edəcək.

Bir neçə gün də belə keçdi...

Yenə təkrar olaraq, özüm Ceyhun Məmmədova zəng etdim. O, bu dəfəmənə bildirdi ki, Əhməd İsmayılov ilə danışıb, mənimlə əlaqə saxlanılacaq.

Gözlədim...

Bir neçə gün mənimlə əlaqə saxlayan olmadı. Bu dəfə özüm təkrar qurumun fəaliyyət göstərdiyi idarəyə getdim.

Lakin, görünür idarədə mənimlə ümumiyyətlə kimsə görüşməyə ürək etmədi. Çox israr etdikdən sonra, nəhayət qurumun Elşən adlı bir işçisi mənimlə görüşdü.

Məsələləri olduğu kimi diqqətinə çatdırdım. Elşən bəy telefon nömrəmi götürdü və bildirdi ki, - "Bu mənim səlahiyyətimdə deyil, amma mən məlumat verəcəm, araşdırdıqdan sonra sizinlə əlaqə saxlanılacaq".

İki gün sonra Elşən bəy mənə zəng edib, araşdırdığını dedi. Redaksiyamızın fəaliyyəti ilə bağlı yaranmış bəzi suallarını verdi, cavablandırdım və Elşən bəy sonda bildirdi ki, - "Aydındır. Mən bununla bağlı Natiq müəllimə məruzə etmişəm, o da Əhməd müəllimə məruzə edəcək, ondan sonra nəticəni sizə bildirəcəyik".

Tələblərin hər birinə cavab verdiyimizdən əmin şəkildə bir neçə gün müsbət cavab gözləyərkən, Əhməd İsmayılovdan imtinanın olduğu kimi saxlanılması ilə bağlı cavab gəldi.
Bu artıq, mənim hüquqlarımın məhz Əhməd İsmayılov tərəfindən kobudcasına ikinci dəfə pozulması idi.

Odur ki, mən də hüququmdan istifadə edərək, inzibati qaydada məhkəməyə müraciət etdim.

Hakim Orxan Həsənovun sədrliyi ilə keçirilən ilk məhkəmə prosesində qarşı tərəfdən ümumiyyətlə heç kim iştirak etmədi. Bu səbəbdən növbəti proses iyul ayının 24-nə təyin edildi. Bu dəfə isə məhkəmədə qarşı tərəfin vəkili iştirak edirdi.

Rəhbərlik etdiyim "DogruXeber.az" informasiya portalının MİA-nin reyestri tələblərinə tam düzgün riayət etdiyi və mənim tələblərimin haqlı olduğu üçün qarşı tərəfin vəkili deməyə söz tapmayıb, reyestr qaydalarına aidiyyatı olmayan, gülünc tələb irəli sürdü. Tərəfimdən layiqli cavabını aldı və özü də özünün kobud desək "dəxlisiz" danışdığını anladı və susdu.

Bir də vəkil belə bir gərəksiz iddia da irəli sürdü ki, MİA-ni bir çox saytlar məhkəməyə verib, hamısının da müraciətinin məzmunu eyni yazılıb və bu müəyyən şübhə doğurur.

Əvvəla qeyd edim ki, MiA-ni məhkəməyə verən saytların hamısının eynidir - imtina!

İkincisi də bu gülünc şübhələri heç cürə mənim haqlı tələbimlə əlaqələndirə bilmədim. Görünür vəkil bəy kiməsə qarşı xüsusi qərəzli addımlarında "piyada" (şahmat) kimi mətbuat nümayəndələrindən istifadə etməyi düşünür.

Yekun fikir olaraq, yenidən bu dəfə də rəhbəri olduğum informasiya portalın fəaliyyətinin araşdırılacağını bildirdi.

Qeyd edim ki, Hakim Orxan Həsənovun bugünə qədər məsələyə yanaşması ədalətli və qaneedicidir.
Proses hələ ki, davam edir. Növbəti məhkəmə prosesi qarşıdakı ayın 25-nə təyin edilib.

Bəli... Məhkəmə prosesi "Santa Barbara" kimi uzandıqca uzanır. Mənim aylardır ki, haqsızlığa uğramış səbrim isə tükənmək üzrədir.

Odur ki, proseslərin daha da uzanmaması üçün təkrar üz tutdum Millət Vəkilim Ceyhun Məmmədova. Əslində, bir iş görə bilmədiyini ötən dəfədən anlamışdım, amma, necə deyərlər, "əli yanan, əlini ağzına təpir".

"Bəlkə bu dəfə nəisə alındı" ümidiylə, zəng etdim, məsələni təkrar diqqətinə çatdırdım, gedişatlar barəsində məlumat verdim və...

Məni axıra qədər dinlədikdən sonra mənim millət vəkilim cavab verdi ki, - "Mən keçən dəfə dedim, etmədilər. İndi onun üstündən mənim nəsə deməyim düz gəlmir."

Bəli, bu cavabdan sonra bir daha anladım ki, millətin hüquqları bəzi məmurlar tərəfindən niyə bu qədər pozulur.
Millətin vəkili aciz olanda, millətin hüquqları Əhməd İsmayılov kimi, harınlamış icra başçıları kimi məmurların ayağının altında əzilib toz olur...

İcra başçısı demişkən, fikir verdinizsə, Cəbrayıl sakini olduğumu qeyd edərkən, Yalnız Ceyhun Məmmədova müraciət etdiyimi dedim. Çünki, sakini olduğum Cəbrayıl rayonunun İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun kəramətinə bələdəm.
Dəfələrlə, Cəbrayıl rayon sakinləri redaksiyamıza müraciət edəndə, İcra başçısının otağından çıxmadığından, nəinki ümumi Cəbrayıl rayon sakinlərinin, heç Biləsuvar rayonunda yerləşən Cəbrayıl qəsəbə sakinlərinin su, qəsəbənin təmizliyi kimi ən adi problemləri qarşısında acizliyindən gileylənirdilər.

Rayonun birinci qrup müharibə əlili olan sakini Novruz Novruzovun iş tələbi ilə bağlı narazılığını ictimailəşdirəndə isə açıqlama, yaxud təkzib verməyə söz tapmadığı üçün trollarının yanında "Kamal məndən iş istəmişdi, vermədim" deyə, qeybətimi edən icra başçısı özü də fərqinə varmadan, öz fəaliyyətsizliyini dilə gətirmiş oldu.

Əlqərəz...

Hələlik burda sözümü bitirirəm, amma bu da son deyil.

Mövzuya mütləq qayıdacam və Əhməd İsmayılovun bundan sonra redaksiyamız barəsində atacağı addımlar, həmçinin Bakı İnzibati Məhkəməsinin - hakim Orxan Həsənovun verəcəyi qərar barəsində şəxsən məlumat verəcəm.

Qeyd edim ki, növbəti məhkəmə prosesində mətbuat nümayəndələri də iştirak edəcək.

Hər kəsin söz haqqını tanıyırıq.

DogruXeber.az
Kamal Əsgərov