Gündəm / Cəmiyyət / Sosial

Median "inkişafıın əleyhinə" agentlik kimə və hansı maraqlara xidmət göstərir?

Median

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MİA) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır.

Kanal14.az: - Hansı ki, ölkədə sözdə "müstəqil media" nümayəndələrinin hamısı bu absurd qanun layihəsinin tərtib edildiyini eşidən gündən ona qarşı çıxdılar. Həm sosial şəbəkələrdə, həm öz media qurumlarında, həm də Milli Məclisin qarşısında toplaşmaqla buna etiraz bildirsələr də sözügedən "mürtəce" qanun layihəsi Milli Məclisin qərarı ilə təsdiq edildi, ölkə başçısı da onu imzaladı.

Baxın!
Bu Azərbaycan mediasının "tragikomedik qanunu əsəri"ndə nə yazılır?!

"Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir."

Gəlin müstəqil media nümayəndələri arasında sorğu aparaq, görək yeni yaradılmış bu qurumun güya xidmət etdiyi - yuxarıda sadalanan məqsədlərindən kimsə yararlanıbmı?

Söz yox ki, ondan əvvəl güya fəaliyyət göstərən "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu" da bir işə yaramırdı, lakin yerinə yaradılmış "MİA" "KİVDF"nin gündüz gün işığında çıraqla axtarışımızı təmin etməyə çalışır və bunu çox gözəl də bacarır.

Yeri gəlmişkən, 2021-ci ildə media nümayəndələrinin kütləvi narazılığına rəğmən yaradılan quruma - MİA-nə rəhbərlik Əhməd İsmayılova həvalə edilib.

O Əhməd İsmayılov ki, Vikipediyasına nəzər salsaq, mətbuat sahəsi ilə yaxından-uzaqdan əlaqəsinin olmadığını aşkar görə bilərik.

Nə etmək olar?!
"Ya zəlzələdən, ya vəlvələdən" adamı başımıza rəhbər qoydular, amma, barı heçolmasa üzərinə düşən vəzifəni ədalətli şəkildə icra edərsə, vallah heç bizim də onun direktorluğuna bir etirazımız olmaz.

Gəl ki, Əhməd bəy onu da etmir.

Qayıdaq biraz keçmişə !

"Yeni qanun layihəsi hazırlanıb" xəbərini alan müstəqil media nümayəndələri etiraza qalxanda, onları sakitləşdirdilər ki, "Məcburi deyil ki, siz reyestrdən keçib MİA-nın tərkibində olasınız. İstəyən müstəqil fəaliyyət göstərə bilər".

Qərar təsdiq edildikdən sonra isə "mətbuata nabələd" media rəhbəri Əhməd İsmayılov çıxışında bildirdi ki, "Əgər filan tarixə qədər reyestrdən keçməzsəniz, bu o deməkdir ki, siz yoxsunuz".

"Əlahəzrət" Əhməd bəy tərəfindən "yox" sayılmağı "gözə almayıb" "DogruXeber.az" informasiya portalı olaraq, mən də reyestrdən keçmək üçün onlayn sorğu göndərdim.

Qeyd edim ki, bizim saytımızda zatən mütəmadi olaraq, özəl məlumatlar yer alırdı. Yeni qanun qüvvəyə mindikdən sonra isə qanunun tələbinə müvafiq şəkildə hər gün artıq, ən azı 20 özəl xəbər yayımlayırıq. Özü də həftənin 6 günü. Baxmayaraq ki, agentliyin tələbində həftənin ən az 20 günü deyə qeyd edilir.

Rəhbəri olduğum "DogruXeber.az" saytının bütün deyilən qaydalara riayət etdiyi halda iki dəfə Əhməd İsmayılovun imzası ilə əsassız yerə imtina cavabı alması onun müstəqil mediayaya qarşı qərəzli mövqe sərgilədiyinin əyani göstəricisidir.

Özü də açıqlama almaq üçün müraciət etməyə məsul şəxsləri də nə yerində tapa bilirik, nə telefonumuza cavab verirlər.

Adam mediaların tabe olduğu yeganə quruma rəhbərlik edir, media nümayəndələri ilə "məsafə saxlayır" - görüşmür.

Əslində bunu ictimailəşdirməkdə məqsədim ölkəmizdə söz azadlığının olmadığını ölkə başçısının diqqətinə bir daha çatdırmaqdır. Çünki, ölkə başçısı bir neçə dəfə çıxışlarında vurğulayıb ki, "jurnalistlər mənim dostumdur. Ölkədə baş verənləri mən onlardan öyrənirəm."

Medianın İnkişafı Agentliyinin də tabeçiliyi birbaşa ölkə prezidentinədir. Ölkə başçısı məsələlərlə obyektiv məşğul olması üçün həmin quruma Əhməd İsmayılovu rəhbər təyin edib. Amma, görünür ki, ölkədə fəaliyyət göstərən əksər məmurlar kimi Əhməd bəy də özünü müstəqil qərar verə bilən "sahibkar" kimi hiss edir və "könlünə yatmayan" saytların, yaxud jurnalistlərin müraciətlərinə "imtina imzalayıb" yola salır.

Ölkə prezidenti hökumətin yeni tərkib hissəsinin yaranması zamanı Milli Məclisdəki ilk çıxışında məhz İcra başçılarının və digər məmurların xan kimi özlərini aparmasından, məsuliyyətsizliyindən danışaraq, hətta vətəndaşlara ictimai nəzarətin zəif olduğuna görə irad da bildirmişdir. Və qeyd edirdi ki, mənə məlumat verin, məktublar göndərin.

Həmçinin, vurğulayıb ki, "Məmurların ağa kimi, xan kimi özlərini aparmalarını, vətəndaşları əzmələrini məndən gizlədirlər, bildirmirlər. Bütün bunlardan mətbuat vasitəsilə xəbərim olur."

Belə çıxır ki, Əhməd İsmayılov və onun kimi çox məmurlar ölkə başçısının sözlərinə məhəl qoymur və ona həvalə edilən vəzifəni "keyfinin buyurduğu" kimi icra edir ki, bununla da böyük müstəqil media nümayəndələri, eləcə də hüquqlarını bilən və tələb etməyi bacaran vətəndaş "ordu"sunu dövlətə və hakimiyyətə qarşı ayağa qaldırmağa çalışırlar.

Qeyd edim ki, "DogruXeber.az" MMC-nin təsisçisi və direktoru olaraq, Əhməd İsmayılovun ədalətsiz imtina cavabına görə artıq, Medianın İnkişafı Agentliyi barəsində məhkəmə iddiası irəli sürmüşəm.
Güman edirəm ki, məhkəmə zamanı hakim bu ədalətsiz qərara ədalətli hökm oxuyacaq. Əks təqdirdə biz haqlı mübarizəmizi sonuna qədər davam etdirəcəyik.

Mövzuya yenidən qayıdacağıq.

"DogruXeber.az"MMC-nin direktoru Kamal Əsgərov