Gündəm / Cəmiyyət / Təhsil

Universitetlərdə inqilabi dəyişiklik olacaq? - “İkinci kursu bitirənlər...”

Universitetlərdə inqilabi dəyişiklik olacaq? -

"Tədris proqramını elə dizayn etmək olar ki, bir ixtisası 3 ilə yox, 2 ilə də vermək olar. Lakin bunun üçün zəruri baza olmalıdır".

Kanal14.az: - Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu gün dünyada bir qrup texnologiyanı hazırlayandır, digər qrup onlardan istifadə edənlərdir:

"Qısa müddətdə texnologiyadan istifadə edən şəxsi yaratmaq mümkündür, lakin qısa müddətdə texnologiya hazırlayan mütəxəssis yetişdirmək mümkün deyil. Hazırda ali təhsil müəssisələrində bəzi ixtisasları 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlamışıq. Rektorlarla müzakirələrimiz olub ki, ali təhsil müəssisələrində tədris olunan hər bir fənn əmək bazarı üçün vacibdirmi, yoxsa yox? Bu uyğunlaşmaya getsək, müddətlərin qısaldılması mümkündür".

Qeyd edək ki, ölkədə bakalavr pilləsi üzrə ali təhsil səviyyəsi 4 ildir və gələcəkdə kolleclərin ali təhsil müəssisələrinin tərkibinə verilməsi nəzərdə tutulur. Hətta kollec təhsili alan məzunların ali məktəbə qəbul imkanları yaradılıb. Ekspertlər isə hesab edir ki, ümumiyyətlə, bəzi ixtisasların ali məktəblərdə olmasına ehtiyac yoxdur və bu ixtisaslar üçün kollec təhsili kifayətdir.

Ölkədə ali təhsil səviyyəsini 3 ilə endirmək mümkündürmü və bu, qəbul qaydaları, ixtisasla bağlı problemlərə yol aça bilərmi?

DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, beynəlxalq praktika da təhsil səviyyəsi standart deyil:

"Hətta müəyyən peşə sahələri var ki, orada təhsil 2 ildir. İki il bundan öncə Qazaxıstan ali təhsilində də bu istiqamətdə addımlar atıldı. Bəzi ixtisaslar üzrə əlavə fənlər var ki, peşə, ixtisasla bağlı olan fənnlərin kreditləri saxlamaqla təhsil müddətini 3 ilə, bəzi hallarda 2 ilə qədər endirmək mümkündür.

Fikrimcə, bu, doğru addımdır. Ümumiyyətlə, ali təhsil müddətində dəyişiklik etmək mümkündür. Ölkədə ayrı-ayrı peşə sahələrinin standartlarını inkişaf konsepsiyasına uyğunlaşdırmaq lazımdır. Yeni peşə standartları qəbul edilməli və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Kadr hazırlığı da məhz həmin peşə standartlarına uyğun olaraq aparılmalıdır”.

Eskpertin fikrincə, kompüter mühəndisliyi, yaxud kənd təsərrüfatında aqronomluq kimi sahələrdə müddət azaldıla bilər:

"Onların birbaşa peşə ilə bağlı olmayan kreditlərinin sayını azaltmaqla təhsil müddətini 3 ilə endirmək olar”.

Ekspert deyir ki, ölkəmizdə ali təhsil müddəti standart olaraq 4 il götürülür:

"Beynəlxalq təcrübədə standart 4 il deyil. Bakalavriat səviyyəsi 2 - 3 il də ola bilir. 2018-ci ildə Azərbaycanda "Milli Kvalifikasiya Çərçivəsi” qəbul edilib və ona uyğun olaraq şəxs bakalavriat dərəcəsi alırsa, orada ilin, müddətin elə bir önəmi yoxdur. Əsas odur ki, dərəcə verilir.

Ümumiyyətlə, ali təhsilin səviyyələri beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Bizdə bakalavriat səviyyəsi 4 il götürülür. Əlavə olaraq subbakalvriat dərəcəsi 2 il, 2 il 6 ay götürülür. Beynəlxalq təcrübədə isə kolleclərə daxil olandan sonra iki il oxuduqdan sonra işləməyə getmək istəyirlərsə, subbakalavr diplomu alırlar. Yaxud təhsili davam etdirmək istəyirlərsə, növbəri 2 il bakalavriat oxuyurlar. Bakalavriat xaricdə 2 ildir və subbakalavriatla bir yerdədir. Sonra isə magistratura oxumaq istəyənlər daha 2 il oxuyurlar.

Bizdə isə əksinə, bakalavriat səviyyəsini 4 il götürmək əlavə vaxt itkisinə gətirib çıxarır. Burada ən doğru yol odur ki, Azərbaycanda ali təhsil səviyyələri beynəlxalq təcrübəyə uyğunlaşdırılsın. Kolleclər tamamilə ləğv edilsin və ali məktəbin I, II kursu subbakalavriat dərəcəsi versin. Kim II kursu bitirdikdən sonra istəyirsə, bakalavriat təhsilini davam etdirə bilər. Kim istəmirsə, ixtisası üzrə peşə fəaliyyəti ilə məşğul olsun. Hələ ki, biz bu sahədə ciddi addımlar atmırıq”.//dia.az