Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

Həm toğlusunu alıb, həm də polisə şikayət edib? - ŞOK İDDİALAR // VİDEO

Həm toğlusunu alıb, həm də polisə şikayət edib? - ŞOK İDDİALAR // VİDEO

Biz Sabirabad rayonundan "DogruXeber.az" redaksiyasına edilən çox sayda vətəndaş müraciətlərini (şikayətlərini) həm saytlarımızda, həm də "Kanal14" YouTube kanalımızda dəfələrlə yayımlamışıq.

Təəssüf doğuran hal budur ki, Sabirabad rayonunun müxtəlif kəndlərinin işsiz-gücsüz sakinlərinin "sinə dolusu dərdləri" danışdıqca nəinki bitmir, heç azalmır da. Çünki, o dərdləri azaldacaq olan aidiyyatı qurumlar, yaxud məsul şəxslər deyilən problemlərin həlli istiqamətində heç bir addım atmırlar.

Məsələn, torpaq satan bələdiyyələr kəndlərin bərbad vəziyyətdə olan, çala-çuxur yollarına baxmır, qazilərin, şəhid ailələrinin müraciətlərinə çox zaman baxılmır, su idarələri desək əhaliyə içməli suyu belə verməkdə xəsislik edirlər, nəinki təsərrüfatlarını suvarmaq.

"Su" demişkən, ötən həftə Sabirabad rayonunun Çölbeşdəli kəndinin sakinləri toplaşıb etiraz su probleminə qarşı etiraz ediblər. Onların su tələbi yerli sakinlər tərəfindən lentə alınaraq, redaksiyamıza göndərilib. Görüntülərdə sakinlərdən biri uca səslə bildirir ki, "Su üçün məndən toğlu istədilər apardım verdim. Yenə də su vermədilər". Bundan əlavə həmin görüntülərdə kənd sakinlərinin özlərinin su kanalının içərisinə girərək, əlləri ilə təmizləməyə çalışdıqları da yer alır ki, bu işlər də texnikaların görəcəyi işlərdir.



Əlqərəz... Bu görüntülər "Kanal14" YouTube kanalımızda yayımlandıqdan bir gün sonra sakinlər yenidən redaksiyamıza müraciət edib, su idarəsinin məsul əməkdaşlarından biri olan Elxan Əliyevin onların barəsində polisə şikayət etdiyini dedilər.

"Kanal14"ün efirində yayımlanan "Kamalın zamanı" proqramının aparıcısı Kamal Əsgərov elə canlı efirdə sözügedən Elxan Əliyevə zəng edib, sakinlərin söylədikləri barəsində bəzi suallar ünvanladı.

Elxan Əliyev, "Bəli, polisə vermişəm, ola bilsin sabah da prokurorluğa verdim. Sübut etsinlər ki, nə vaxt toğlu veriblər, pul veriblər"

Yeri gəlmişkən söhbət əsnasında Elxan bəy özü də qeyd etdi ki, görüntülərdə onun adı çəkilməyib. Amma, niyə o qədər məsul şəxslər arasında məhz tək onun narahat olduğu, sakinləri polisə şikayət etdiyinin özü də müəyyən şübhələr yaradır.

Elə Elxan bəylə telefon danışığı davam edirdi ki, Sabirabad rayonunun Nizamikənd sakini Kazım Cəbrayılov yayımın şərh bölməsində yazdı ki, "Sabirabad rayonunun su idarəsinin işçiləri içki düşkünüdür, bütün texnikaları da günü 200 (iki yüz) manata icarəyə verilib".

Elxan bəy əvvəl Kazım Cəbrayılovu tanımadığını desə də, sonra tanıdığını dedi və onun canlı yayımda danışmaq istəyini qəbul etmədi. Lakin, Kamal Əsgərovu üzbəüz əyləşib, çay içməyə dəvət etdi. "Gəl mən sənə baxım, sən mənə bax, gör necə adamam" deyə sözünü yekunlaşdırdı.

Ardından isə canlı yayıma zəng edən Kazım Cəbrayılov yazdıqlarını canlı yayımda da təkrar etdi və əlavə olaraq bildirdi ki, Elxan Əliyevin bələdiyyə sədri olan bacısı kənd sakinlərinin torpaqlarını Elxan Əliyevlə əlbir olaraq, imkanlı şəxslərə satıb. Həmçinin, əlində icarəyə verilən texnikaların videogörüntülərinin olduğunu da vurğuladı.

Biz bütün şikayətləri də, iddiaları da, qarşı tərəfin mövqeyini də yayımladıq.

Gerisi aidiyyatı üzrə "Melorasiya və Su Təsərrüfatı" ASC -nin üzərinə düşür.

Nə dərəcədə diqqətə alınıb, hansı tədbirlər görüləcəksə, hamısı tərəfimizdən yayımlanacaq.

Diqqətiniz bizdə olsun !

DogruXeber.az
Jalə Asiman