Gündəm / Cəmiyyət / Sosial / Təhsil

"Bizim sığınacağa yerləşdirilən 3 uşaqdan yalnız birini təhsilə cəlb edə bildik" - AKTUAL


Kanal14.az: - Sığınacaqlarda yaşayan uşaqların təhsilə cəlb edilməsində problemlərin olduğu bildirilir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Abzas Media-ya deyir ki, doğum haqda şəhadətnaməsi olmayan uşaqların məktəbə qəbulu üçün müraciət mümkün olmur. Çünki bu proses elektron qaydada aparılır, orada uşağın, valideynin vəsiqələri və digər sənədlər tələb olunur.

Onun sözlərinə görə, əksər hallarda uşaqlar təhsilə gecikirlər:

"Bizim sığınacağa yerləşdirilən uşaqları müvafiq qurumlar gətirəndə onların sənədləri olmur. Məsələn, 10-12 yaşında sənədi olmayan uşaqların məktəb problemi bəzən aylarla çəkir. Bizim isə ən böyük istəyimiz uşaqların təhsilə cəlb olunmasıdır. Bizdə 3 uşaq var idi, doğum haqda şəhadətnamələri yox idi. Onların ikisinin sənədlərini Asan xidmət vasitəsilə, birinin də sənədlərini məhkəmə vasitəsilə düzəltdik. Ancaq biz onların yalnız birini təhsilə cəlb edə bildik. Çünki digərləri 15 yaşını keçdiyi üçün təhsilə cəlb etmək qanunla mümkün olmadı”.

Ağazadə deyir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinə də müraciət ediblər, amma onlara cavab verilməyib:

"Biz sığınacağa müəllimlər çağırıb uşaqlara ibtidai səviyyə üçün təhsil veririk. Ancaq bu, uşaqlara təhsillə bağlı arayış vermir. Sadəcə könüllülük əsasında olan işdir. Bununla bağlı 2022-ci ildə Elm və Təhsil Nazirliyinə müraciət etdik. Təklif verdik ki, belə sənədləri qaydasında olmayan uşaqlarla bağlı "Bir pəncərə" açılsın, ən azı sənədləri düzələnə qədər biz onları qeydiyyata sala bilək. Nazirlikdən bununla bağlı rəsmi cavab vermədilər”.

Millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı Abzas Media-ya deyir ki, qanunvericilik ailələri müəyyən edilməyən, sənədləri qaydasında olmayan uşaqların sənədləri düzələnə qədər təhsil müəssisəsinə getmələrinə icazə verir.

Onun sözlərinə görə, sığınacaqlar müvafiq dövlət qurumları ilə əməkdaşlıq edib, bu məsələni həll etməlidirlər.

"Mən inanmıram ki, onların təhsilinə ciddi problem olsun. Sığınacaqların bir qismi özlərini nazirlik kimi hiss edirlər. Əgər sığınacaq açıblarsa, bunu yüksək qiymətləndirmək lazımdır, ancaq bir çox problemlərin həlli sığınacaqların gücündə deyil. Ona görə belə məsələlərdə müvafiq dövlət qurumu ilə ciddi əməkdaşlıq etməlidirlər. 15 yaşındakı uşaqların da təhsilə cəlbi qanunla mümkündür. Hətta cinayət törətmiş uşaqların saxlanıldığı müəssisələrdə də məktəb təşkil edirlər. Yəqin ki, sığınacaqlar istəyirlər ki, onların sığınacaqlarında məktəb olsun, ancaq bu mümkün deyil. Yaxşı olar ki, ən yaxın məktəblər hardadır, uşaqlar o məktəbə getsinlər”.

Kəmalə Ağazadə isə deyir ki, sığınacaqda olan 15 yaşlı qızın təhsilə cəlb olunması üçün Bakı Şəhət Təhsil İdarəsinə müraciət ediblər və onlar rəsmi məktub göndəriblər ki, "biz 15 yaşlı uşağı 1-ci sinifdən təhsilə cəlb edə bilmirik".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmayıb.

Hazırda ölkə üzrə sığınacaqlarda yaşayan uşaqların ümumi sayına dair rəsmi məlumat yoxdur. //abzas.org//