Gündəm / Siyasət / Hadisə

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreya təhlükəsi fonunda sualtı qayıq əleyhinə təlimlər keçirir

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreya təhlükəsi fonunda sualtı qayıq əleyhinə təlimlər keçirir

"Kanal14.az” "Kyudo Nüvs”a istinad edərək xəbər verir ki, Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın artan təhdidlərinə qarşı çəkindirməni gücləndirmək məqsədilə bazar ertəsi Koreya yarımadası yaxınlığındakı sularda birgə sualtı qayıq əleyhinə təlimə başlayıb.

ABŞ-ın "Nimitz" nüvə təyyarədaşıyan gəmisinin iştirak etdiyi iki günlük birgə təlim hazırda Cənubi Koreyanın Ceju adasının cənubundakı sularda davam edir. Sonuncu üçtərəfli sualtı qayıq əleyhinə təlim sentyabr ayında keçirilib və təxminən beş ildən sonra keçirilən ilk təlim olub.

"Sualtı qayıq əleyhinə təlim Cənubi Koreya, ABŞ və Yaponiyanın Şimali Koreyanın irəliləyən sualtı təhdidlərinə, o cümlədən sualtı qayıqdan buraxılan ballistik raketə qarşı cavab imkanlarını artırmaq üçün təşkil edilib", - Cənubi Koreyanın Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Nazirlik həmçinin bildirib ki, təlimlər hər bir ölkənin müvafiq məlumatları aşkar etmək, izləmək və paylaşmaq imkanlarını gücləndirmək məqsədi ilə keçirilir.

Pxenyan tez-tez raket imkanlarını sınaqdan keçirir və bunu bu yaxınlarda Seul və Vaşinqton arasında keçirilən bir neçə müttəfiq hərbi təlimə etiraz olaraq həyata keçirib.

Martın ortalarında Şimali Koreya Cənubi Koreya və ABŞ hərbçiləri arasında "Azadlıq Qalxanı” birgə təlimi başlamazdan əvvəl, şərq sahillərindəki sularda sualtı qayıqdan iki qanadlı raket atdığını bildirib. Azadlıq Qalxanı son beş ildə keçirilən ilk genişmiqyaslı yaz hərbi təlimi idi.

Kanal14.az
Kamal Əsgərov