Gündəm / Siyasət / İqtisadiyyat / Dünya

Müharibədən bir il keçdi! Rublun gələcəyi necə olacaq?

Müharibədən bir il keçdi! Rublun gələcəyi necə olacaq?

Ukrayna müharibəsi davam edərkən, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına da öz təsirini göstərir. Noyabrdan bəri rubl dollar qarşısında 20 faiz dəyər itirdiyi halda, Dünya Bankı və BVF kimi təşkilatlar Rusiya iqtisadiyyatının daralacağını proqnozlaşdırır.

"Kanal14.az" "haberglobal"a istinadən qeyd edir ki, Rusiya -Ukrayna müharibəsinin başlamasından bir ildən çox vaxt keçir. Ancaq, müharibə ilə əlaqədar Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların təsiri Rusiyada hiss olunur. Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər getdikcə sərtləşsə də, iqtisadçılar uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatı üçün daha aşağı artım proqnozlaşdırırlar. Rusiya iqtisadiyyatının sanksiyalara güclü müqavimət göstərdiyini hər zaman müdafiə edən Rusiya prezidenti Putin çərşənbə günü "Rusiya iqtisadiyyatına qoyulan məhdudiyyətlər orta müddətli perspektivdə Rusiyaya mənfi təsir göstərə bilər" - deyə qeyd edib.

Rusiyanın Ukrayna müharibəsinə başlamasına cavab olaraq , Qərb ölkələri müharibə başlayandan bəri Rusiyaya qarşı 11300-dən çox sanksiya elan edib və Rusiyanın 300 milyard dollara yaxın valyuta ehtiyatını dondurub. Bir çox qərb şirkətləri və investorları ya Rusiyadakı fəaliyyətlərini dayandırdılar, ya da Rusiya bazarından çıxdılar.

Ölkənin ən böyük ixracat məhsulları olan təbii qaz və neft sanksiyalara görə artıq Qərb ölkələrinə satıla bilmir. Rusiya qazının Avropaya axınının böyük hissəsi sanksiyalardan sonra dayandı və qlobal qaz qiymətləri sanksiyalarla ilkin artımdan sonra kəskin şəkildə aşağı düşdü. Moskva neft hasilatını 5 faizə qədər azaldacağını bildirir. Neftini dünya qiymətləri ilə müqayisədə ucuz qiymətə başqa ölkələrə satır.

Nəticədə, bu ilin ilk iki ayında Rusiya hökumətinin enerji gəlirləri ötən illə müqayisədə təxminən yarıya qədər azalıb, büdcə kəsiri isə dərinləşib. 2023-cü ilin ilk iki ayında fiskal kəsir 34 milyard dollara çatıb. Bu, Moskva hökumətini ölkənin sərvət fondundan daha çox istifadə etməyə məcbur edir. Rusiya sərvət fondu işğaldan sonra 28 milyard dollar azaldıqdan sonra hələ də 147 milyard dollardır.

Digər tərəfdən, Rusiya Qərb dövlətlərinin Çin və Hindistanla yaratdığı uçurumu bağlamağa çalışır. Rusiya Çin və Hindistana neft satır. Çin Rusiyanın əvvəllər Qərbdən aldığı, lakin sanksiyalara görə çıxış edə bilmədiyi bir çox hissələri təchiz etmək üçün işə qarışdı. Lakin Moskva əvvəlkindən daha çox Çindən asılı vəziyyətə düşür.

Bütün bu hadisələr fonunda Rusiya valyutası rubl noyabr ayından etibarən dollar qarşısında 20 faizdən çox dəyər itirib. Dünya Bankı Rusiya iqtisadiyyatının 2023-cü ildə 3,3 faiz kiçiləcəyini proqnozlaşdırdığı halda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 5,6 faiz azalacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyanın bu il artım tempinin sabit qalacağını, lakin ortamüddətli perspektivdə iqtisadiyyatın ən azı 7 faiz kiçiləcəyini gözləyir.

Müharibə başlayandan qısa müddət sonra ölkəni tərk edən Rusiya Bankının keçmiş rəsmisi Alexandra Prokopenko, "Rusiya iqtisadiyyatı uzunmüddətli tənəzzülə girir" dedi. Rusiyalı oliqarx Oleq Deripaska bu ayın əvvəlində demişdi ki, Rusiya gələn il nağd pul çatışmazlığı ilə üzləşə bilər.

Rusiya Mərkəzi Bankı bu ay ixracın azalması, sıx əmək bazarı və dövlət xərclərinin artmasının inflyasiya risklərini pisləşdirdiyini bildirib. Fevral ayında Rusiyada inflyasiya əvvəlki ilin eyni ayı ilə müqayisədə yüzdə 11 ətrafında olub.

Bütün bunlarla yanaşı, ölkədə uçotun aparılmağa başlandığı 1993-cü ildən bəri ən böyük işçi çatışmazlığı yaşanır. Mərkəzi Bankın məlumatına görə, Ukrayna Müharibəsi başlayandan sonra Rusiyadan beyin axını və ötən payızda 300 000 nəfərin hərbi səfərbər olunması ölkə bizneslərinin təxminən yarısında işçi qüvvəsi çatışmazlığına səbəb olur. Gənclərin cəbhəyə göndərilməsi və ya hərbi xidmətdən qorxaraq ölkədən qaçması nəticəsində işçi qüvvəsi azalırdı. Qeyri-müəyyənlik biznes investisiyalarını məhdudlaşdırıb.

Kanal14.az
Anarə Muhəmməd