Gündəm / Siyasət

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

ABŞ Dövlət Departamenti martın 20-də dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb.

"Kanal14.az” " Amerikanın səsi” Radiosunun Tvitter hesabındakı paylaşıma istinad edərək xəbər verir ki, hesabatın Azərbaycan bölümündə qeyd edilir ki, Azərbaycanda əsassız həbslər, sərt, bəzən isə həyat üçün təhlükəli həbsxana şəraiti, siyasi məhbuslar, ölkə xaricində ayrı-ayrı şəxslərə qarşı siyasi motivlərlə qisasçılıq, ədliyyənin müstəqilliyi ilə bağlı problemlərin olması, şəxsi həyata müdaxilə, ifadə və media azadlığının məhdudlaşdırılması, internet saytlarının bloklanması, sərbəst toplaşmalara faktiki qadağan, hərəkət azadlığının pozulması, sistematik hökumət korrupsiyası, LGBTQI+ qarşı təzyiqlər, uşaq əməyinin istismarı kimi hallar barədə məlumatlar daxil olub.

Sənəddə deyilir ki, habelə Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz və qəddarlıqla qətllərə, alçaldıcı və pis rəftara dair inandırıcı məlumatlar var.

Hesabatda "Tərtər işi" ilə bağlı qeydlər də yer alıb. Sənəddə bildirilir ki, bu iş üzrə istintaq bərpa edilsə də, hələlik casusluqda ittiham olunan 12 nəfər həbsdə qalır.

Hesabat sənədində bir sıra başqa şəxslərin – fəalların, hüquq müdafiəçilərinin, jurnalistlərin qanunsuz saxlanmasından və ya həbs olunmasından bəhs olunur və deyilir ki, Azərbaycanda ümumiyyətlə həbs və saxlanma zamanı qanunsuzluqlara yol verilməsi davam edir. Qeyd olunur ki, ölkədə zaminə buraxma sistemi mövcud olsa da, hakimlər ötən il ərzində bu prosedurdan istifadə etməyiblər.

Bundan əlavə sənəddə qeyd edilir ki, Azərbaycan Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin işgəncələrə yol verdiyinə dair xəbərlər gəlməkdə davam edib.

"Bu xəbərlərdən birinə görə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Mail Kərimov və Süleyman Ələkbərov ötən ilin mayın 20-də məhkəmə dinləməsinə gəldiklərinə görə işgəncəyə məruz qalıblar. Onlar iddia ediblər ki, tanımadıqları yerə aparıblar, döyüblər və zorlama ilə hədələyiblər. Bundan sonra onların bir daha məhkəməyə gəlməyəcəklərini bəyan etməsi videoaya çəkilib", departamentin hesabatında deyilir.

Kanal14.az
Aynur Qasımova