Gündəm / Mədəniyyət

Mənim düşüncələrim - Hekayə

Mənim düşüncələrim

(Əvvəli ötən sayımızda)
Sizi bilmirəm, ancaq mənim fikrimcə, insana hörmət böyük yaradıcı qüvədir. Hörmət, ehtiram, nəvaziş insanın böyük mənəvi dayağıdır. Əgər müşahidə etmisinizə, əsəbi bir insana ehtiram göstərib xoş bir sğz deyəndə yumşalır, mənən, daxili bir rahatlıq tapır. Deyərdim ki, hörmət insana böyük dayaq olmaqla yanaşı, onu öz gözündə yüksəldir, gümrahlıq, özünə əminlik, özünə inam verir, bir şəxsiyyət kimi onun dəyərini artırır. İnsan elədir ki, özünə diqqət göstərildiyini, hörmət olunduğunu hiss edəndə, görəndə öz mənliyini, öz şərəf və ləyaqətini dərk edib qiymətləndirir və bunu qorumağa çalışır. Fikrim daha aydın başa düşülsün deyə belə deyərdim ki, insan özünü bir şəxsiyyət kimi hiss edir. Bu isə onun ruhi- əxlaqi, mənə səviyyəsini yüksəldir və zənginləşdirir. Öz həyat təcrübəmə əsasən qəti şəkildə deyə bilərəm ki, hörmət insani münasibətdə elə yüksək bir dəyərdir ki, o, uzun müddət insanın yaddaşından silinmir, onu pis əməllərdən və vərdişlərdən çəkindirərək insanlara qarşı mülayım, diqqətli olmağa sövq edir. Hörmət etməyi bacarmaq insanın daxili mədəniyyətinin göstəricisi, ictimai- əxlaqi davranışlarının ölçüsüdür. Bu, eyni zamanda mənəvi zənginliyin, əxlaqi saflığın və ruhi gözəlliyin ifadə formasıdır. Bir misal gətirəcəyəm. Məni köhnə iş yerimdə Az.TV- də bir oğlan var idi. Çox gobud, qaraqabaq, təkəbbürlü, saymazın biri idi. Heç kimə salam verməz, münasibət yaratmaz, uyuşmazdı. Eşitdiuimə görə yuxartılarda adamı vardı. Bir söz olan kimi onların adını çəkir, yekəxana- yekəxana danışardı və lazımsız yerə şit- şit gülərdi. Buna baxmayaraq mən bir iş yoldaşı kimi həmişə salam verər, halını soruşardım. O da baxıb düz gedərdi. Bir dəfə səhər- səhər işə gələndə gördüm otaqda tək oturub. Salam verdim. " Necəsiniz?” dedim, sonra keçib yerimdə əyləşdim. Bir az keçmişdi ki, o, yerindən qalxıb mənim stoluma yaxınlaşdı.
- Bura bax, - dedi. – Mən sənin salamını almıram, salam da vermirəm. Bəs sən hər dəfə niyə mənə salam verirsən? Məqsədin nədir?
Gülümsündüm. Sakit tərzdə dedim:
- Neçə ildir bir yerdə, bir otaqda işləyirik.Hər gün bir yerdəyik. Salam vermək sadəcə mənim insanlıq borcumdur. Çünki biz bioloji varlıq deyilik. Amma sizin mənim salamımı almaq borcunuz yoxdur. Ürəyiniz istəmir almırsiniz, burda nə var ki? Bircə onu deyə bilərəm ki, mən məqsədlə salam verən adamlardan deyiləm. Siz gərək bu neçə ildə bunu biləydiniz.
O. ani fikrə getdi, sonra dedi:
- Hə. deyəsən elədir. Görmüşəm ki, səni yersiz incidən şöbə müdirinə də salam verirsən. Amma mən onları heç adam yerinə də saymıram.
- O daha sizin öz işinizdir. Özünüz bilən məsləhətdir.
Sənədləri götürüb otaqdan çıxmaq istəyəndə, o, dedi:
- Sən düşünürsən ki, mən düz eləmirəm?
- Xeir. Mən bu barədə düşünmürəm.
- Niyə?
Mən təəccüblə onun üzünə baxdım:
- Məgər mən düşünməliyəm ki?

Ardı var...

Aytəkin TALIBQIZI