Gündəm / Cəmiyyət / Hadisə

Rasim Məmmədovun “mən danışanda hamı biləcək ki, satqın kimdir” sözləri özünü xilas etməyə hesablanıb, yoxsa... - İLGİNC

Rasim Məmmədovun

Kanal14.az: - "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəməyə hazırlıq iclası ilginc açıqlamalarla yadda qalıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda vəkillər Elçin Sadıqov və Pərviz Məmmədov iş üzrə bəzi sübutların iş materiallarından çıxarılması və üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vəsatət qaldırıblar.

Müdafiəçilər təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğunu deyiblər. Hər iki vəsatət baxılmamış saxlanılıb.

Bundan başqa, məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayətin predmeti ilə bağlı əlavə şahid kimi dindirilməsi istənilib. "83 yaşlı adamdır, lazım deyil”, - Rasim Məmmədov vəsatətə münasibət bildirib. Məhkəmə zərurət yaranacağı halda əlavə şahidlərin çağırılmasının mümkün olacağını qeyd edərək vəsatəti baxılmamış saxlayıb. Rasim Məmmədovun ev dustaqlığına buraxılması və şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər isə təmin edilməyib.

Rasim Məmmədov diqqətçəkən digər açıqlamalar da verib. Haqqın.az xəbər verir ki, Rasim Məmmədov "məni xəyanətdə ittiham edirlər, amma mən heç vaxt Prezidentə xəyanət etməmişəm. Amma mən danışanda hamı biləcək ki, satqın kimdir” deyib.

Həbsdəki iş adamı vəsaitlərin mənimsənilməsi ilə bağlı ittihamları rədd edərək, dövlətə əksər məmurlardan daha çox gəlir gətirdiyini deyib. "Mən sahibkaram və özüm pul qazanmışam. Başqaları da gəlib mənə qoşuldular. Mən əksər məmurlardan daha çox dövlətə yaxşılıq etmişəm. 2011-ci ildə bu işə başlayanda üçlükdə bu layihəni müzakirə etdik. Hər şey yaxşı gedirdi və hamı bundan pul qazanırdı. Hər şeyi dağıtmaq və bu farsı təşkil etmək kimə lazım idi?” - Rasim Məmmədov deyib. O, həmçinin "üç nəfər arasında aparılan” danışıqların təfərrüatlarını açıqlamaq istəmədiyini, lakin mövcud şəraitin ona seçim qoymadığını bildirib. "Mən Dövlət Təhlükəsizliyi Xidmətinin 15 kv.m sahəsi olan təkadamlıq kamerasında sakit yaşayıram. Amma azadlıqda qalanlar bundan narahat olsunlar. Mən kitab yazıram ki, orada son 11 il ərzində aparılan danışıqlar və pul köçürmələrinin bütün təfərrüatlarını dərc edəcəyəm”.

Xatırladaq ki, Rasim Məmmədov 2021-ci il fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərində ittiham olunur.

Ramiz Mehdiyevin məhkəməyə çağırılması barədə vəkillərinin vəsatətinə "83 yaşlı adamdır, lazım deyil” reaksiyası əslində nə deməkdir? Həmin "üç nəfər”in sırasında PA-nın keçmiş rəhbərinin də olması ehtimalı nə qədərdir? Həbsdəki bu cür "danışacam” təhdidi onu xilas edə bilərmi?
"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, Rasim Məmmədovun həbsdən təhdidləri özünü xilas etməsinə hesablanıb: "Rasim Məmmədov danışsa nə, danışmasa nə? Bu adamın kimliyi, kimlərə xidmət etməsi illərdir ki, ortadadır. Mətbuatda Rasim Məmmədovun cinayət xarakterli əməlləri ilə bağlı kifayət qədər yazı, videomaterial var. Onun təkcə Zülfüqarlı qardaşlarına qarşı cinayətləri araşdırılsa, kifayətdir. Təsəvvür edin ki, Rasim Məmmədov Zülfüqarlıların zavodlarını əllərindən almışdı, Gəray adında bir çobanı da Lerikdə dağdan düşürüb gətirib zavodların sahibi etmişdi. Əlbəttə ki, bu cinayəti Rasim Məmmədov özbaşına edə bilməzdi. Bunu hər kəs bilir. Özü də Ramiz Mehdiyevə iş gördüyünü gizlətmir. Adını çəkmədiyi bir fiqur var, onun da adı gec-tez üzə çıxacaq”.

Natiq Ələsgərov deyir ki, Rasim Məmmədovun kimlərə nə vaxt, nə qədər pul verməsi onsuz da lazım olan orqanlara bəllidir: "Rasim Məmmədov məhkəməsində deyir ki, bəs 10 il ərzində kimə nə vermişəm, dəftərlərə qeyd etmişəm, kompüterdə qeydiyyat aparmışam. Ardından da deyir ki, mən həbs olunanda həmin dəftərləri də, kompüteri də istintaq götürüb. Deməli, istintaqa Rasim Məmmədovun kimə nə vaxt, nə qədər pul verdiyi yaxşı bəllidir. Bu halda Rasim Məmmədov kimi hədələyir? Ramiz Mehdiyevi? Ramiz Mehdiyev ona arxa-dayaq dayanmasaydı, o, bu qədər cinayəti törədə bilərdi? Əlbəttə ki, bu mümkün olmazdı. Rasim Məmmədov Zülfüqarlı qardaşlarına məxsus olan 3 zavodu ələ keçirib. O, bu cinayətləri eləyən dövrdə, sonrakı illərdə Zülfüqarlı qardaşları hər fürsətdə mətbuat konfransı keçirib, özlərinə məxsus zavodların geri qaytarılması üçün əllərindən gələni ediblər. Yəni Rasim Məmmədov istəsəydi belə, nəinki zavodu, heç bir sexi belə zəbt eləyə bilməzdi. Etsəydi də, uzağı 2-3 günə onu qandallayardılar. Aydın məsələ idi ki, hakimiyyət daxilində, hakimiyyətin yuxarılarında onun havadarları, dəstək verənləri var”.

Natiq Ələsgərov deyir ki, Rasim Məmmədovun Ramiz Mehdiyevin şikayəti əsasında həbsə alınması da maraqlı məqamlardandır: "Bu gün məhkəmədə Zülfüqarlı qardaşları əsas şikayətçi, zərərçəkənlər olmalı idilər. Amma biz bu qisimdə kimi görürük? Ramiz Mehdiyevi! Hələ ki Rasim Məmmədovun məhkəməsində əsas zərərçəkənlərin adı çəkilmir. Prosesin bu hissəsinə qədər Zülfüqarlıların epizoduna, adına rast gəlmədim. Rasim Məmmədov sabiq patronunu təhdid etməklə, digər patronunun adını çəkməməklə düşünür ki, yaxasını həbsdən kənar tuta biləcək. Ən yaxşı halda ona real cəza təyin ediləcək. Rasim Məmmədov 10 il ərzində metallurgiya sahəsində çalışan irili-xırdalı sahibkarlara qan uddurub. Bu zaman kriminala yol verilib. Bunu hüquq- mühafizə orqanları da çox yaxşı bilir. Məhkəmələrdə ona qarşı iddialar var. Yəni Rasim Məmmədovun nə deməsindən asılı olmayaraq, əməlləri ortadadır və həmin əməllərə hüquqi qiymət verilməlidir”.