Gündəm / Siyasət / Cəmiyyət / Hadisə

Səfirlərin davası - Niyə məhz Azərbaycanda baş verir?

Bir neçə gün öncə İran və İsrailin Azərbaycandakı səfirləri arasında yaşanan qalmaqal hələ də mətbuatın gündəm mövzusudur. Belə ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Diki ölümlə hədələmişdi. Buna səbəb Corc Dikin öz rəsmi Tviter hesabında Təbrizdə Azərbaycan tarixi və mədəniyyətinin öyrənməsilə ilə bağlı paylaşımıdır.

 

"Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?” – deyə diplomat müzakirələrə səbəb olan paylaşımında qeyd etmişdi.

 

Seyid Abbas Musəvi isə Tvitter hesabında Corc Dikə aqresiv cavab verərək yazıb: "Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”.

 

Hadisədən dərhal sonra İranın Azərbaycandakı səfiri təcili Tehrana çağırılıb. Səfir İran XİN-də gördüyü işlər barədə məruzə edib və ona müvafiq tapşırıqlar verilib.

 

 

Bununla bağlı fikirlərini bölüşən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, səfirin İrana çağırılmasının səbəbi məhz İsraillə yaşanan qalmaqaldır:

 

"İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə Tehranda görüşüb. Rəsmi məlumatda nazirin iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişlər verdiyi bildirilib. Öz növbəsində səfir nazirə çalışdığı ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı hesabat təqdim edib. Bunun davamı kimi nazir İranın Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətini vurğulayıb və səfirə lazımi göstərişləri verib.

 

Böyük ehtimalla səfirin qəfil Tehrana çağırılması son qalmaqalla bağlıdır. İsrailin Azərbaycandakı səfirinin "Təbriz nağılları”yla bağlı yayınladığı paylaşıma İran səfiri qeyri-diplomatik tərzdə reaksiya vermişdi. Bu reaksiya əks-effekt verib. İsrail səfirinin yayınladığı kitab brendə çevrilib, Azərbaycandan tutmuş dünyanın müxtəlif ölkələrində "Təbriz nağılları” kitabının paylaşımları artıb. İranın xarici işlər nazirinin Azərbaycandakı səfirinə bu hadisə ilə bağlı konkret hansı təlimat verdiyi məlum olmasa da, Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı, İsrail səfirinin paylaşımı böyük rezonans doğurmazdı. İran səfirinin sərt reaksiyası İsrail səfirinin işinə yaradı”.

 

 

Politoloq Zərdüşt Əlizadə isə İran-İsrail münasibətlərinin təməlinə qayıdaraq, ədavətin "İslam inqilabı”ndan sonra başladığını qeyd edib:

 

"Bundan öncə İran İsrailin bir nömrəli müttəfiqi idi. Aralarındakı ədavəti Azərbaycanda büruzə vermələrinin səbəbinə gəlincə, İsrailin İrana ən yaxın dost dövləti Azərbaycandır. İranlılar düşünür ki, ölkələrinə qarşı təhlükə Azərbaycan üzərindən gələ bilər. Halbuki ortada heç bir fakt və dəlil yoxdur.

 

İran Azərbaycana qarşı çox səhv mövqe tuturdu. İran düşünürdü ki, Türkmənçay müqaviləsinə qədər indiki Azərbaycan ərazisi İranın qanuni ərazisi olub. Rusiya ilə İran arasındakı müharibə zamanı rəsmi Tehran məğlub olduğundan bu torpaqları Rusiyaya verməli oldu. İranın yanaşmasına görə, SSRİ dağılıbsa, bu torpaqlar yenidən İrana verilməlidir. Halbuki sadə həqiqəti anlamaq lazım idi ki, bir əsrdən çox müddət ərzində burada millət formalaşıb, mədəni, siyasi mənafeləri var. Bu əhalinin başçıları heç vaxt İrana qatılmağı seçə bilməzlər. Bunu anlamaq üçün iranlılara xeyli vaxt lazımdır. İran hələ uzun müddət öz səfirliyini İranın Azərbaycandakı səfirliyi deyil, Bakıdakı səfirliyi adlandırırdı”.

 

 

Z.Əlizadənin sözlərinə görə, bütün bunlar nisbətən geridə qalıb. İranla Azərbaycan arasında əməkdaşlıq mövcuddur. Eynilə İsrail Azərbaycan arasında da güclü müttəfiqlik əlaqələri mövcuddur. İsrail Azərbaycanı Türkiyədən sonra ikinci əsas müttəfiqi sayır. Bu da İranı qıcıqlandırır. İsrail isə İranı cırnatmaq üçün bu cür kiçik addımlara əl atır:

 

"İran belə cavab verdi ki, azərbaycanlılar İran dövlətinin sütunudur. Hesab edirəm ki, bu ədavət ideoloji və tarixi əsaslardan qidalanır. İran hesab edir ki, İsrail Fələstini işğal edib, fələstinliləri didərgin salıb. İsrail isə özünü müdafiə etmək üçün İranla düşmənçilik edir, Amerikanın İrana qarşı qaldırmağa çalışır. Vəziyyətin həlli xalqların barışığından keçir. Amma təəssüf ki, hələlik heç bir zəmin yoxdur”.