Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Josep Borrell ilə görüşüb.

"Kanal14.az" XİN-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivlərini, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının vacibliyini ifadə ediblər.

Eyni zamanda, Ukraynadakı vəziyyət, ölkəyə humanitar yardımın göstərilməsi məsələləri müzakirə mövzusunu təşkil edib.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların həlli məsələləri, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.