Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Kanal14.az" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məktəb direktorları, bağça müdirləri və Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) işçiləri ifadə veriblər.

Rayonun müxtəlif məktəblərində direktor işləyən şahidlər müəllimlərdən yığılan rüşvəti rayon Təhsil Şöbəsinin sabiq müdiri Qərənfil Əhmədovaya verdiklərini deyiblər. Onlar icra başçısı ilə ünsiyyətlərinin olmadığını, pulu Qərənfil Əhmədovanın tələb etdiyini deyiblər.

Məhkəmədə ifadə verən bağça müdirləri isə hazırda icra başçısının müavini işləyən Elnarə Həsənovadan şikayətçi olublar.

Şahid qismində dindirilən MKTB işçiləri də bənzər ifadələr veriblər.

Proses martın 10-da davam etdiriləcək.

Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.