Gündəm / Cəmiyyət / Sosial

"Azəriqaz"ın nümunəvi addımları


Kanal14.az: - Son illər ölkə əhalisi arasında bir çox dövlət qurumları barəsində xeyli giley-güzar, narazılıqlar var. Hətta, bu narazılıqlar hər ötən gün artmaqda davam edir. Məlum olduğu kimi pandemiya dövrü başladığı gündən bəri demək olar ki, bütün dövlət qurumlarında vətəndaşların əyani qəbulu dayandırıldı ki, bu da bir çox qurum rəhbərləri və səlahiyyətli şəxsləri üçün "göydəndüşmə" bəhanə oldu. Onsuz da vətəndaşları saatlarla, günlərlə qapıda gözlədən, onları qəbul etməyən qurum rəhbərləri pandemiyanın sərt qaydalarından da faydalanaraq, daha sakit və rahat şəkildə işlərinə davam etdilər. Hətta, pandemiya qaydalarının nisbətən yumşalmasına baxmayaraq, bu bəhanədən hələ də istifadə edən qurumlar var. Lakin, onu da vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə bu cür məsuliyyətsiz qurum rəhbərləri və işçiləri çoxdur, amma hamısı deyil. Şükürlər olsun, barmaqla sayacaq qədər az olsa da, işinə məsuliyyətli yanaşan qurum rəhbərləri də var. Hansı ki, hər həftənin cümə gününü "Açıq qapı günü" elan edib. Cümə günləri media nümayəndələrini qəbul edir, media nümayəndələrini vətəndaşların suallarını cavablandırıb, rəhbərlik etdiyi qurumla bağlı hər hansı bir problem varsa, dərhal nəzarətə götürür və aidiyyatı üzrə problemin aradan qaldırılması üçün öz tapşırıqlarını verir. Bəli, söhbət "Azəriqaz" İstehsalat Birliyinin direktoru Ruslan Əliyevdən gedir. Media nümayəndəsi olaraq, öz müşahidələrimdən də gəldiyim qənaətə əsasən əminliklə deyə bilərəm ki, Ruslan Əliyevin sözügedən quruma rəhbər vəzifəsinə təyin edildiyindən bəri vətəndaşların maye qaz problemlərinin faiz nisbəti ilə çox hissəsi öz həllini tapıb, qalanlarının da həlli istiqamətində işlər sürətlə davam etdirilir.


Yuxarıda da qeyd etdiyim kimi, Ruslan Əliyev həftənin cümə günlərini "Açıq qapı günü" elan edib. Həmin gün media nümayəndələrini qəbul edib, yaranmış suallara aydınlıq gətirir. Eyni zamanda bu görüş "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanır. Canlı yayım zamanı sosial şəbəkə üzərindən gələn sualları da cavablandırıb, müəyyən problemləri dərhal diqqətə alır, həlli üçün elə canlı yayımda aidiyyatı üzrə tapşırıqlar verir. Bundan əlavə istənilən vaxt, istənilən vətəndaş sosial şəbəkələr üzərindən hətta, Ruslan Əliyevə müraciət, yaxud şikayətlər ünvanlandıqda belə, Ruslan müəllim onları da cavablandırıb, suallarına aydınlıq gətirir, mövcud problemlərini diqqətə alır. Mən bunu nəyinsə xatirinə, yaxud kimdənsə eşidib danışmıram. Cümə günləri keçirilən "Açıq qapı" günlərindən birində mən də iştirak etdim və yaxınlarımın, həmçinin redaksiyamıza müraciət edən bəzi vətəndaşların mavi yanacaqla bağlı problemlərini diqqətə çatdırdım. Ruslan müəllim dinlədi və dərhal mövcud duruma müdaxilə edib, problemin aradan qaldırılması üçün Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərova öz tapşırıqlarını verdi. Teymur Cəfərov da həmçinin məsələyə çox böyük məsuliyyətlə yanaşaraq, yaranmış bütün çətinliklərə rəğmən, qeyd etdiyim vətəndaşların mavi yanacaq probleminin aradan qaldırılmasına nail oldu.

Hesab edirəm ki, Ruslan Əliyev, eləcə də Teymur Cəfərov ölkədə fəaliyyət göstərən çoxsaylı qurum rəhbərlərinə ideal nümunədir.

Bunun üçün mən "DogruXeber.az" informasiya portalının rəhbəri olaraq, şəxsən öz adımdan və vətəndaşlar adından "Azəriqaz" İstehsalat Birliyinin direktoru Ruslan Əliyevə, eyni zamanda Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərova dərin təşəkkürümü bildirirəm. Eyni zamanda vurğulamaq istəyirəm ki, bundan sonra "Azəriqaz" İB -nin həyata keçirdiyi bütün yeniliklər barəsində məlumatları, öz rəhbərlik etdiyim informasiya portalında mütəmadi şəkildə yayımlamağı bir missiya olaraq üzərimə götürürəm.

"DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov.