ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya qarşı hərbi əməliyyatlardan sonra Moskvanı "sərt sanksiyalarla” hədəf alacaqlarını açıqlayıb. Hətta Rusiya prezidenti Vladimir Putinə yaxın olan iş adamlarına və Rusiyanın müxtəlif banklarına qarşı əməliyyatların məhdudlaşdırılması və aktivlərin dondurulması kimi sanksiyaların tətbiq  olunmağa başlanılıb. 

"Kanal14.az"  Rusiya KİV-lərinə  istinadən xəbər verir ki, Rusiya Qərbin iqtisadi sanksiyalarına qarşı qabaqlayıcı tədbirlər görərək Mərkəzi Bankdakı qızıl-valyuta ehtiyatlarını artırıb.

Belə  ki, Rusiya SWIFT beynəlxalq pul köçürmə sistemindən çıxarılacağı təqdirdə ABŞ-dan gətirdiyi böyük məbləğlə nağd ehtiyatlarını artırıb. Ölkədə 100 dollarlıq əskinasların çəkisinin 50 ton olduğu və seyfdəki 600 milyard dollarlıq ehtiyatın olduğu bildirilir.

Hesablamalara görə, sözügedən valyuta və qızıl ehtiyatlarının Qərbin tətbiq edəcəyi iqtisadi sanksiyalara qarşı ən azı 5 il kifayət edəcəyinə diqqət çəkilib.

Bildirək ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra ABŞ administrasiyası Rusiyanın ikinci ən böyük maliyyə qurumu VTB Bank da daxil olmaqla 4 Rusiya bankını sanksiyalar siyahısına əlavə edib. Rusiyanın ən böyük bankı Sberbank və onun 25 törəmə şirkətinin ABŞ-da yerləşən banklarda müxbir hesablarının açılmasının qarşısı alındığı halda, Sberbank və Qazprom da daxil olmaqla, Rusiyanın 13 iri müəssisəsinə yeni borc və kapital məhdudiyyətləri qoyulub.