Gündəm / Sosial

Vətəndaşlar razılaşmır, şirkət isə söküntü aparır - VİDEO

Vətəndaşlar razılaşmır, şirkət isə söküntü aparır - VİDEO

Kanal14.az: - Səbail rayonu, Qurban Abbasov küçəsi 2 ünvanında söküntü işləri aparılır. Sakinlər iddia edirlər ki, söküntü işlərinə bir neçə ay əvvəl başlanıb.

Sakinlər aparılan söküntü işlərinin binanı qəzalı vəziyyətə salmasından narahatdırlar. Üstəlik, səs-küy və kommunal xidmətlərin tez-tez dayandırılması onlara çətinlik yaradır.

Sakinlərin sözlərinə görə, bir vaxtlar onların binasının həyətində sakinlərin istirahəti və uşaqların oynamaları üçün geniş şərait olub. Lakin birinci mərtəbədə bir neçə mənzilin şirkət tərəfindən alınması ilə həyət də sökülüb, binanın yeganə girişi də bağlanıb.

Binadakı mənzillərin bir hissəsini alan "Rahat Həyat” şirkətinin nümayəndəsi Arzu Məmmədov isə bildirir ki, söküntü işlərini onlar yox, mənzillərini satan sakinlər özləri icra edirlər. Onun sözlərinə görə, sakinlərlə razılığa gəlinməməsinin səbəbi vətəndaşların həmin ərazidən mənzil və ya razılaşan digər sakinlərdən daha çox ödəniş istəmələridir.

Hüquqşünas Anar Ramazanov deyir ki, qanunvericiliyə əsasən, vətəndaşların razılığı olmadan binada heç bir halda söküntü işləri aparıla bilməz. Əks halda, bu, mülkiyyət və mənzil hüquqlarının birbaşa kobud pozuntusu halıdır. Vətəndaşlar mülkiyyət hüququna müdaxilə ilə bağlı məhkəməyə müraciət edə bilərlər.