Gündəm / Siyasət / Sosial

Oğuzun icra başçısının müavini CƏZASIZMI QALACAQ? - ETİRAZ

Oğuzun icra başçısının müavini CƏZASIZMI QALACAQ? - ETİRAZ

Kanal14.az: - Oğuz rayon icra başçısının müavini Etibar Yusifovun şəhidlərimizə və bayrağımıza qarşı hörmətsizliyi ictimaiyyətinin kəskin etirazına səbəb olub. Başçı müavini şəhid məzarları üzərindən təzə əklilləri və dövlət bayrağını götüzdürərək zibillik əraziyə tullatdırıb. Hadisə şəhidin atası tərəfindən videoya çəkilərək, sosial şəbəkələrdə yayılıb və ciddi rezonans doğurub. Hadisədən sonra şəhid ailələri İcra Hakimiyyəti önündə aksiya keçiriblər. İcra başçısı şəhid valideynləri ilə görüşsə də, bu qərarı verən şəxs - icra başçısının müavini Etibar Yusifov onların qarşısına çıxmayıb. İcra başçısı Eyvaz Qurbanov şəhid ailələrinə məsələnin həllinə dair söz verib.

Şəhid valideynləri isə Etibar Yusifovun vəzifədən azad olunmayana qədər mübarizə aparacaqlarını bildiriblər. Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov deyib ki, dövlət bayrağını və gerbini təhqir etmək cinayət xarakteri daşıyır. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, bayraq və gerbimizi hansısa formada təhqir etmək 1 ilədək azadlıqdan məhrum etmə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Vəkil qeyd edib ki, Oğuz rayonunda baş verən hadisə mənəvi cinayətdir: "Şəhid məzarından əklilin və dövlət bayrağının götürülməsi ilk növbədə mənəvi pozuntudur”.

Millət vəkili Fazil Mustafa da mətbuata açıqlamasında deyib ki, sağlam düşüncəli azərbaycanlı şəhid məzarından bayrağı götürüb zibilliyə atmaz: "Vətənini sevən insan belə addım atmamalıdır. Yaxşı ki, cəmiyyət və müvafiq qurumlar bu məsələyə dərhal reaksiya verib. Çox güman, bu addımı atan şəxs barəsində müvafiq ölçü götürüləcək. Bu, digərləri üçün də dərs olmalıdır ki, belə məsələlərdə həssaslığı itirməsinlər və xüsusi diqqətlə yanaşsınlar. Bütün hallarda şəhid ailələrinə həssaslılqla yanaşılmalıdır”.

BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov da "Şərq”ə açıqlamasında deyib ki, sosial şəbəkələrdə yayılan görüntülər hiddət doğurur. Analitikin fikrincə, bəhs edilən hərəkət heç bir ədəb və mənəvi normalara sığmayan haldır:

"Bu hadisə məsuliyyətsiz vəzifə sahiblərinin səriştəsizliyinin və səviyyəsizliyinin nəticəsidir. Şəhid anlayışı müqəddəsdir. Şəhidlərə hörmət hər birimizin, ələlxüsus vəzifəli şəxslərin borcudur. Belə hallar dəfələrlə təkrar olunur. Görünən odur ki, yerlərdəki idarəetmə sistemində bəzi kadrların mənəviyyatında ciddi problemlər var. Belə insanların yüksək vəzifələrə gətirilməsi ilk növbədə kadr siyasətinin düzgün aparılmamasıdır. Eyni zamanda kadr təyinatlarına nəzarətin olmamasıdır. İcra hakimiyyətləri ilə bağlı son dövrlər hüquq-mühafizə orqanları xeyli tədbir görüblər. Görünür, bu şəxslər öz hərəkətlərinin dövlətin və üzvü olduqları hakim partiyanın adına ləkə gətirdiyinin mahiyyətini dərk etmirlər. O cür adamlara qarşı ictimai qınaq çox sərt olmalıdır. Onlar dərhal vəzifədən uzaqlaşdırılmalı, heç bir kresloya yaxın buraxılmamalıdır”.

Partiya rəsmisi vurğulayıb ki, öz işi ilə xalq arasında hörmət qazanmış icra başçılarının, onların müavinlərinin fəaliyyəti nümunə göstərilməlidir:

"Məsələn, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun təcrübəsini digər rayonlarda da tətbiq etmək yerinə düşərdi. Hazırda Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında aparılan yenidənqurma işləri şəhidlərimizə və onların ailələrinə verilən qiymətin bariz nümunəsidir. Xiyaban şəhidlərimizin adına layiq şəkildə möhtəşəm şəkildə rekonstruksiya olunur. Şəhərin bütün imkanları inşa edilən kompleksin şəhidlərin adına layiq olması üçün səfərbər edilib. Gözəl işləri təqdir etməklə yanaşı, yanlış addımları da tənqid etmək ictimai nəzarətin əsas funksiyasıdır. Yaxşını da deyirik, pisi də. Kiməsə qarşı qərəzimiz yoxdur”.