Gündəm / Sosial

Qarabağlı Azərbaycanımızda ilk Ordu Günü - Silahlı qüvvələrimizin yaranmasından 103 il ötür

Qarabağlı Azərbaycanımızda ilk Ordu Günü - Silahlı qüvvələrimizin yaranmasından 103 il ötür

 

 

Üzeyir Cəfərov: "Diplomatik müstəvidə böyük iş aparılır, üçrəngli bayrağımız Xankəndidə, Xocalıda da dalğalanacaq..”

Kanal14.az: - Bu gün Silahlı Qüvvələrin 103-cü ildönümü günüdür. Ancaq bu gün bir başqa gündür. Biz indi torpaqlarını işğaldan azad etmiş, Qarabağlı, Şuşalı Ordunun Gününü qeyd edirik. Azərbaycan Ordusu 44 günlük müharibədə göstərdiyi şücaət, tarixi qəhrəmanlıqla bütün dünyaya səs saldı, bəşəriyyətə öz ədalət davasını, gücünü nümayiş etdirdi.

İndi əminliklə söyləmək olar ki, Azərbaycan Ordusu dünyanın 50 ən yaxşı ordularından biri hesab edilə bilər. Bu ordu Vətən müharibəsində igidlərini, peşəkar hərbçilərini şəhid verməsi sayəsində 30 illik işğala son qoyub. İndi Azərbaycan Ordusunun apardığı 44 günlük müasir müharibə metodlarından dünyanın nüfuzlu media orqanları, analitikləri danışırlar, nümunə göstərirlər. Uzun illərdir ordu quruculuğuna ayrılan diqqət, silah arsenalının yenilənməsi, peşəkar kadrların hazırlanması, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində üzərimizdəki məğlubiyyət damğası götürüldü. Artıq biz başıuca, alnıaçıq, erməni faşizmini diz çökdürmüş, Ermənistan siyasi rəhbərliyini hərbi kapitulyasiyaya imza atmağa məcbur etmiş bir müzəffər Orduya sahibik.

Silahlı Qüvvələr Günü ilə bağlı artıq silsilə tədbirlər də planlaşdırılıb. Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlının sözlərinə görə, Ordu Gününə həsr edilmiş tədbirlər azad edilmiş bütün ərazilərimizdə - Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli və digərlərində təşkil olunacaq. Belə bir tədbir artıq Kəlbəcər rayonu ərazisində təşkil olunub. Böyük ölçüdə hazırlanmış Azərbaycan Respublikasının Dövlət Bayrağı "Yaşasın Azərbaycan” şüarı altında şəxsi heyət tərəfindən qaldırılıb. Sonra istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub. "Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş etdirilib.

 

Qarabağlı Azərbaycanımızda ilk Ordu Günü - Silahlı qüvvələrimizin yaranmasından 103 il ötür

 

Bəs biz bu yerlərə necə gəlib çıxdıq? Ordumuzda hansı səviyyədə işlər görüldü ki, düşmənin başı əzildi? Bəzən insanlar ruhdan düşmüşdülər, inamını itirmişdilər ki, Qarabağda müharibə olmayacaq, torpaqların azad edilməsi daha 30 il çəkəcək, yeni nəslin gəncləri döyüşmək istəməyəcəklər. Ancaq gözləntilərin tam tərsi yaşandı, Qarabağ işğal ediləndə anadan olanlar, hətta 2000-2001-ci il təvəllüdlü gənclər döyüşə atıldılar, səfərbərliyə qoşuldular, bu vətən üçün canlarından, sağlamlıqlarından keçdilər. Yəni Qarabağı bizə yeni nəsil qaytardı.

Yeri gəlmişkən, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına əlavə müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin, bundan sonra hərbi xərclər də azaldılmayacaq. Nə qədər qalib ölkə olsaq da, Ermənistanda revanşist arzularla yaşayan qüvvələr az deyil.

 

Qarabağlı Azərbaycanımızda ilk Ordu Günü - Silahlı qüvvələrimizin yaranmasından 103 il ötür

 

Üzeyir Cəfərov

Ordudan yeni təxris olunan polkovnik Üzeyir Cəfərovun bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələri 1994-cü il, mayın 13-də imzalanan atəşkəsdən bu yana möhtəşəm və olduqca çətin bir yol keçib. Onun fikrincə, bəzilərinə Ordunun keçdiyi ağır yol asan görünə bilər: "Amma bunu bizi istəməyənlər, xaricdəki ermənipərəstlər deyə bilərlər. Ordumuz uğurlara öz zəhməti ilə nail olub. Bu müddətdə alınan ən müasir silahlar, texnikalar, göstərilən diqqət gəldiyimiz nəticənin səbəbləridir”.

Polkovnik hesab edir ki, Azərbaycanın 44 günlük müharibəsi indi ayrı-ayrı ölkələrdə incələnir, təhlil olunur, təcrübə olaraq öyrənilir: "Artıq Qarabağla Ordu Günü qeyd edirik. Bu inanılmaz bir hissdir, möhtəşəm tarixdir. Mən onu da deməliyəm ki, Xankəndi, Xocalı, Xocavənd ərazilərində yuridiksiyamız qayıdacaq. Sadəcə, iş gedir, siyasi və diplomatik müstəvidə böyük iş aparılır. Ona görə kimlərinsə danışmağına baxmayın, narahat olmayın, hər şey yolundadır. Bizim üçrəngli bayrağımız Xankəndi, Xocalıda da dalğalanacaq. Bəziləri deyirlər ki, həmin yerlərə gedib-gələ bilmirik, bəs nə oldu?! Amma əsas odur ki, iş gedir”.

Ü.Cəfərov bildirdi ki, qardaş Türkiyə və Pakistanın mənəvi dəstəyini qeyd etmək borcumuzdur: "Allah şəhidlərimizə rəhmət etsin, qazilərimiz tez sağalsın. Əslində ”Dəmir yumruq" əməliyyatı 2016-cı ildən başlanmışdı və məntiqi sonluğuna çatdı. Mən Ali Baş Komandan başda olmaqla bütün əsgərlər və zabitlərimizi təbrik edirəm. Hər zaman ayıq-sayıq olmalıyıq, düşmən yatmayıb. Ancaq bu dəfə təxribat etsə, çanaq yenə öz başında çatlayacaq".

 

Qarabağlı Azərbaycanımızda ilk Ordu Günü - Silahlı qüvvələrimizin yaranmasından 103 il ötür

 

Vüqar İsgəndərov 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Vüqar İsgəndərov deyib ki, Ermənistan rəhbərliyi son 30 ildə ancaq öz xülyaları ilə yaşayırdılar: "Eyni zamanda, hər dəfə imkan düşən kimi təxribat xarakterli açıqlamalar verirdilər. Düşünürdülər ki, özləri kimi Azərbaycan da 30 il əvvəlki ölkə olaraq qalıb. Onların boş və mənasız danışıqlarına Azərbaycan həm daxili, həm xarici siyasətdə mükəmməl iş görməklə cavab verdi”.

Deputat hesab edir ki, Ordu quruculuğu həmişə bizim üçün prioritet məsələ olub: "Bu məqsədlə hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait ayrılır, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi. Bütün bunların nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 silahlı qüvvələri sırasında yer alır. Əlbəttə, bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətinin və uzaqgörən siyasətinin nəticəsidir”.

Deputat qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin hər bir əsgəri və zabiti qəhrəmandır: "Biz artıq hərbçilərimizə sıradan bir əsgər kimi yox, qəhrəman kimi baxmalıyıq. Çünki onların hər birinin bu müqəddəs qələbədə çox böyük rolu var. Qarabağ zəfəri artıq bir tarixdir. Bu qələbə Azərbaycanın zəfər tarixidir”.//musavat.com